Azərbaycan, Bakı /müxbir. Trend Ə.İsmayılova/ "Azərbaycan Nəqliyyat Nazirliyində belə hesab edirlər ki, Koreya tərəfinin Bakıdan Gürcüstan sərhədinə kimi sürət qatarının hərəkəti ilə bağlı layihəsinin baha olması ilk növbədə torpaqların alışı ilə əlaqədərdir" - deyə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
İlk variant $2,7 mlrd. həcmində sərmayə qoyulmasını nəzərdə tutur. İkinci halda isə maliyyə vəsaitinin həcminin $3,5 mlrd. olması nəzərdə tutulur. Üçüncü layihədə isə bu məbləğin $4,3 mlrd. olması nəzərdə tutulur (sürətin160 km/s-a qədər artırılması).
"Koreyada bu kimi layihələrə çəkilən xərclərin yetmiş faizi yalnız torpaq alışına sərf olunur. İstisna deyil ki, layihənin qiyməti Azərbaycan qiymətlərindən deyil, Koreya qiymətlərindən çıxış edərək müəyyən edilib" - deyə o bildirib.
Pənahovun sözlərinə görə, torpaq alışından başqa, Azərbaycan və Koreyada işçi qüvvənin qiyməti də eyni deyil. Nəqliyyat Nazirliyi Bakıdan Gürcüstan sərhədinə kimi sürət qatarının buraxılması ilə bağlı layihəni hələ araşdırır, amma yalnız bir şirkətin təklifi ilə məhdudlaşmır. "Biz digər şirkətlərin təkliflərini də araşdırırıq" - deyə o bildirib.
Pənahovun sözlərinə görə, layihə 2010-cu ildən sonra reallaşa bilər. Layihə 7 il ərzində həyata keçiriləcək (iki il layihələndirmə və beş il inşa). Gələcəkdə analoji layihənin Rusiya sərhədi istiqamətində olması da mümkündür. Layihənin dövlət, özəl bank və şirkətlərin hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Koreya mütəxəssislərinin sözlərinə görə, hazırda sürət yol örtüyünün korlanması, lokomotiv və vaqon parkının, siqnalizasiya və əlaqə sisteminin sıradan çıxması səbəbindən hərəkət 80km/s -ı keçmir.
Mütəxəssislər layihənin həyata keçirilməsinin üç variantını təklif edib: hazırkı vəziyyətin dəyişdirilməsi və sürətin 100 km/s -a çatdırılması ; sürətin 150 km/s-a qədər artırılması ; sürətin 160 km/s-a çatdırılması.