Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli / Naxçıvan Muxtar Respublikasının Hava Limanında yaranan problemin tam aradan qaldırılması üçün çərşənbə axşamı daha iki əlavə reys xəttə buraxılıb. Bu barədə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin nümayəndəsi Məhərrəm Səfərli məlumat verib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə gün ərzində 8 reys həyata keçirilir.
Ötən həftənin sonundan Naxçıvan Hava Limanında sərnişinlərin çoxluğundan bilet problemi yaranıb. Problemi aradan qaldırmaq üçün bazar ertəsi "Azərbaycan Hava Yolları" Dövlət Konserni Bakı-Gəncə-Bakı istiqamətində uçan reysləri də Naxçıvan istiqamətinə yönəldib.
Plana uyğun olaraq gün ərzində Bakı-Naxçıvan-Bakı istiqamətində 5 reys həyata keçirilirdi.
Naxçıvan Muxtar Respublikasının Hava Limanında problem qismən aradan qaldırılsa da, yenə gözləmə zalında 700-dən çox vətəndaş var. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, bilet kassalarının önündə növbələr davam edir. Sərnişinlərin dediyinə görə, onlar üç gün bundan əvvəl gəlib növbədə dursalar da, hələ bilet tapa bilmirlər.
Hava Limanından bildiriblər ki, problemin yaranması mövsümi xarakter daşıyır. Azərbaycanın digər bölgələrindəki ali məktəblərə qəbul olunan tələbələr Muxtar Respublikanı tərk etdikdən sonra problem aradan qalxacaq.
Ekspertlər hesab edir ki, yaxın 20 gün ərzində Naxçıvan aeroportunda bu cür vəziyyət davam edəcək.