...

Azərbaycan hökuməti və BP təhlükəsizlik üzrə protokol imzalayıblar

Energetika Materials 13 Noyabr 2007 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , A.Bədəlova/ Bu gün Bakı şəhərində Azərbaycan Hökuməti və BP şirkəti arasında İkitərəfli Təhlükəsizlik Protokolu imzalanıb. BP şirkətinin Azərbaycanda həyata keçirdiyi neft-qaz layihələri üçün təhlükəsizliyin təmin edilməsi bu protokol çərçivəsində nizamlanacaq.

Bu protokol BP tərəfindən idarə olunan obyekt və qurğuların - Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrinin, Qərb İxrac Boru Kəmərinin (QİBK), Şimal İxrac Boru Kəmərinin (ŞİBK), Şahdəniz və AÇG (Azəri-Çıraq və Dərinsulu Günəşli) dəniz yataqları ilə əlaqədar qurğuların, eləcə də, Səngəçal terminalında yerləşən müvafiq sahil qurğularının təhlükəsizliyinin təmin edilməsi məsələlərini əhatə edir. İkitərəfli Təhlükəsizlik Protokolunun məqsədi beynəlxalq miqyasda qəbul edilmiş insan haqları prinsiplərinə hörmət və riayət olunmasını daha da gücləndirilməkdir.

İkitərəfli Təhlükəsizlik Protokolu güc və odlu silahdan istifadə, təhlükəsizlik xidməti əməkdaşlarının işə götürülməsi və onlar üçün təlim keçilməsi, məsləhətləşmə və informasiya mübadiləsinin aparılması və öhdəliklərə riayət edilməsinin monitorinqi ilə bağlı standart və prosedurları konkret olaraq müəyyənləşdirir.

Bu protokolun imzalanması Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin və BTC Ko şirkətinin BTC üzrə 16 may 2003-cü il tarixli Birgə Bəyanatında əks olunmuş öhdəliklərinin həyata keçirilməsini təmin edir. Həmin Bəyanatda tərəflər Hökumətlərarası Sazişə (HAS) və Tranzit Əraziyə Malik Ölkə Hökuməti Sazişlərinə (TƏMÖHS) protokollar imzalanmaqla, insan haqları üzrə standartlara hörmət və riayət olunmasını daha da gücləndirmək kimi qarşılıqlı öhdəliklərə malik olduqlarını bəyan edib.

BP Azərbaycan şirkətinin prezidenti Bill Şreyder bildirib ki, İkitərəfli Təhlükəsizlik Protokolunun imzalanması Azərbaycan Hökuməti ilə BP şirkəti arasında əməkdaşlığı yeni və daha yüksək səviyyəyə qaldıracaq və beynəlxalq aləmdə qəbul edilmiş insan hüquqları standartlarına hörmət və riayət etməklə, bizim birgə layihələrimizin təhlükəsizliyini daha da möhkəmləndirəcəkdir.

Xəbər lenti

Xəbər lenti