...

Gaz de France-ni "Nabukko"ya buraxmayıblar

Energetika Materials 21 İyul 2008 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul/ Trend , müxbir A.Məhərrəmli, A.Bədəlova/ "Nabukko" qaz kəmərinin tikintisi layihəsi üzrə Konsorsiumun yeddinci iştirakçısı qismində Fransanın enerji şirkəti Gaz de France-nin namizdəliyi rədd edilib. Bu barədə bazar ertəsi Fransa şirkətinin mətbuat xidmətindən telefonla Trend -a məlumat veriblər.

Gaz de France-nin mətbuat xidmətində şirkətin namizədliyinin rədd edilməsinin səbəbini açıqlamayıblar. Məsələyə dair şərh almaq üçün Nabucco Gas Pipeline International-ın icraçı direktoru Reynhard Mitşeklə əlaqə saxlamaq mümkün olmayıb.

"Nabukko" layihəsinin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. İştirakçılardan hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Dəyəri $12,4 mlrd. olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz tədarük etmək nəzərdə tutulur.

Ötən həftə yeni Gaz de France-SUEZ enerji şirkətinin Baş direktoru Jan-Fransua Sirelli bəyan edib ki, şirkət "Nabukko"nun tikinti layihəsində iştirak etməsə də, o qaz kəməri ilə ixrac edilən qazın bir hissəsini almağa marağını saxlayır.

Sirellinin sözlərinə görə, yeni qaz tədarükü yolunun salınması Avropanın marağındadır.

İyulun 16 - da Fransanın Gas de France dövlət şirkəti və özəl Fransa-Belçika şirkəti Suez birləşdiklərini elan ediblər. Bunun nəticəsində qaz, elektrik və su təchizatı sahəsində Avropanın iri enerji şirkətlərindən biri yaranıb. GDF-Suez böyüklüyünə görə Avropanın üçüncü, regionda ən iri mayeləşdirilmiş təbii qaz satıcısı olacaq. Şirkətin Avropa bazarında payı 25 faizi ötəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti