...

Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq qazın Avropaya nəqli üçün dəhlizin bünövrəsi ola bilər – amerikalı diplomat

Energetika Materials 13 Noyabr 2008 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir A.Bədəlova/ Rusiya Avropada vacib rol oynayır və ora böyük həcmdə qaz nəql edir. "Lakin digər ölkələrin də bu bazarda rəqabət apara bilmələri vacibdir", - ABŞ Dövlət Katibi müavininin köməkçisi Metyu Brayza hesab edir.

"Biz şirkətlər və ölkələrin neft və qazın həm Gürcüstana, Türkiyəyə, həm də Avropaya nəqli üçün bu ehtiyatların hasilatını artırmaq səylərini dəstəkləyirik", - Brayza cümə axşamı Bakıda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycanın enerji sahəsində əməkdaşlığı vacib rol oynayır. "Azərbaycanın qazı çoxdur, Gürcüstan isə, onun strateji tərəfdaşıdır. Bu əməkdaşlıq qazın Avropaya nəqli üçün bütün dəhlizin bünövrəsi ola bilər", - ABŞ Dövlət Katibi müavininin köməkçisi bildirib.

"Nabukko" qaz kəmərinin tikintisi layihəsi ilə bağlı Brayza deyib ki, bu layihə Rusiya əleyhinə deyil.

"Bu, bazarlar və rəqabəti dəstəkləməli olan kommersiya layihəsidir", - o bildirib.

Dəyəri $12,4 mlrd. olan "Nabukko" qaz kəməri ilə 2013 - cü ildən Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilməsi 2010 - cu ilə təyin edilib. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti