Azərbaycan, Bakı, 14 noyabr/ Trend , müxbir S.Əliyev/ Azərbaycanda reallaşdırılan enerji layihələri geniş əməkdaşlıq perspektivləri açır. Bu barədə cümə günü Bakıda keçirilən IV Enerji Sammitində Azərbaycan prezidenti İlham Əliyev bidirib.
"Azərbaycan enerji layihələrinin reallaşdırılmasından sonra enerji təhlükəsizliyini, iqtisadi stabilliyini təmin edib, müstəqilliyini və müstəqil siyasət aparmaq əzmini gücləndirib", - deyə İlham Əliyev bildirib.
Sammit zamanı enerji təhlükəsizliyi məsələləri və enerji ehtiyatlarının nəqli marşrutları müzakirə olunacaq. Azərbaycan prezidenti bildirib ki, " "Odessa-Brodı" neft kəməri layihəsi ciddi müzakirə edilir və bu layihənin olduqca yaxşı potensialı var".
İlin sonunadək "Odessa-Brodı" layihəsinin texniki-iqtisadi əsəslandırılması tam olaraq hazırlanacaq. İlham Əliyev qeyd edib ki, bu layihə regional əməkdaşlığı gücləndirəcək.
"Ümid edirik ki, enerji əməkdaşlığı siyasəti ölkələrimiz arasında dostluğa səbəb olacaq. Qəbul etməyi planlaşdırdığımız bəyannamədə bizim bütün planlarımız öz əksini tapacaq", - deyə prezident bildirib.
"Bu gün Azərbaycan üçün bütün enerji məsələləri həll olunub. Azərbaycan digər ölkələrin də tələbatının təmin edilməsi üçün mümkün variantları nəzərdən keçirir", - deyə dövlət başçısı bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]