Azərbaycan, Bakı, 25 fevral / Trend , E. İsmayılov / Yunanıstan mövcud imkanlar çərçivəsində Azərbaycandan hər il üç milyard kubmetr qaz ala bilər, - çərşənbə axşamı Yunanıstanın Bakıdakı səfiri İoanis Metaksas bildirib. Ötən ildə Afina hər il bir milyard Azərbaycan qazı alması niyyətində olduğunu bildirmişdi.
"Biz bilirik ki, Azərbaycanın bu məsələ ilə bağlı çox variantı var", - Metaksas deyib.
Onun sözlərinə görə, Yunanıstan hökuməti ümid edir ki, bu məsələ tezliklə müzakirə ediləcək və öz həllini tapacaq.
Hal-hazırda Afina təbii qazı Rusiya və Türkiyədən alır. Türkiyədən Yunanıstana Ankaranın Azərbaycandan aldığı "mavi qaz" verilir. Hal-hazırda Azərbaycanın Türkiyə ilə tranzit müqaviləsinin və Yunanıstanla hökumətlərarası müqavilələrin olmaması nəticəsində Azərbaycan qazı Yunanıstana birbaşa ixrac oluna bilməz.
Azərbaycan və Yunanıstan arasında həmçinin yenidən bərpa edilən enerji mənbələri, xüsusilə də günəş və külək enerjisi sahəsində əməkdaşlıq da mümkündür, - Metaksas bildirib. "Azərbaycan tərəfindən bu barədə artıq təklif gəlib", - diplomat qeyd edib. Lakin o, təklif barəsində təffərrüatı ilə danışmayıb.
Mateksasın sözlərinə görə, bununla əlaqədar birgə müəssisələr yaradıla bilər. "Bu layihələrin həyata keçməsi üçün sərmayə lazımdır və Yunanıstan buna hazırdır", - səfir əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Afinaya səfəri zamanı Azərbaycan və Yunanıstan arasında yenidən bərpa edilən enerji mənbələri sahəsi üzrə hökümətlərarası müqavilələr imzalanıb.
"Artıq səhmdarların rahat işləyə bilməsi üçün hüquqi baza təşkil edilib", - deyə Metaksas qeyd edib. Yunanıstan yenidən bərpa edilən enerji mənbələri sahəsində kifayət qədər təcrübəyə malikdir və onu Azərbaycanla bölüşdürməyə hazırdır.
Metaksasın fikrincə, Azərbaycan və Yunanıstan arasındakı prioritet məsələ iki ölkə arasındakı əmtəə dövriyyəsi məsələsidir. "Yunanıstan ölkəmizdə inkişaf etmiş yüngül sənaye və yeyinti məhsullarını ixrac edə bilər. Azərbaycan isə öz növbəsində enerji resursları və neft məhsullarının ixracı üçün böyük imkanlara malikdir", - Metaksas qeyd edib.
Diplomatın sözlərinə görə, hal-hazırda iki ölkə arasındakı əmtəə dövriyyəsi çox aşağı səviyyədədir və ölkələrimizin real potensialını əks etdirmir.
2008-ci ildə Azərbaycan və Yunanıstan arasında əmtəə dövriyyəsi 297,5 milyon dollar təşkil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]