...

Dövlət büdcəsindən ayrılan vəsaitlər investisiya proqramlarının zəifləməsinin qarşısının alınmasına yönəldiləcək - SOCAR

Energetika Materials 17 Mart 2009 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir E.İsmayılov /

Azərbaycanın dövlət büdcəsindən ayrılan 200 mln. manat SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) investisiya proqramlarının realizəsinə sərf olunacaq. Bu barədə çərşənbə axşamı SOCAR rəhbəri Rövnəq Abdullayev bildirib.

"Dövlət Neft Şirkəti iri investisiya layihələri həyata keçirir. Onların arasında "Ümid" perspektivli qaz strukturunun tədqiqi layihəsi, həmçinin yeraltı qaz anbarlarının təmiri və genişləndirilməsi layihələri var. Bu 200 mln. manat SOCAR-a şirkətin investisiya proqramlarının zəifləməsinin qarşısının alınması üçün ayrılıb", - deyə Abdullayev bildirib.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin əvvəllər bildirdiyinə görə, 2009-cu ilin aprel-may aylarında perspektivli "Ümid" dəniz strukturunda kəşfiyyat xarakterli qazmalara başlanması planlaşdırılır. Hazırda strukturda ikibloklu "Ümid-1" platformasının tikintisi üzrə işlər aparılır. Onun tikintisinin başa çatdırılmasından sonra kəşfiyyat mahiyyətli quyuların qazmasına başlanması nəzərdə tutlub.

Strukturda ilk kəşfiyyat quyusunun layihə dərinliyi 6500 metr təşkil edir.

"Ümid" dəniz strukturunda çıxarılması ehtimal olunan ümumi qaz ehtiyatları SOCAR-ın geoloqlarının qiymətləndirməsinə görə, 200-300 mlrd. kubmentr təşkil edir. 

"Ümid- 1" dəniz platformasının istismarı SOCAR-a şəxsi vəsaitlər hesabına işlənən yataqlarda qaz hasilatının artırılması üzrə proqramın reallaşdırılması çərçivəsində lazımdır. Tikilməkdə olan "Çıraq-6" platformasının bazasında inşa edilən "Ümid-1" platforması proqram çərçivəsində ən iri obyektdir. Onun hündürlüyü 72 metr təşkil edir. Platforma suyun 58 metr dərinliyində "Bulla dəniz" dəniz yatağından 15 km. aralıda yerləşəcək. SOCAR-dan əvvəllər verilən məlumata görə, platformadan altı qaz quyusunun qazılması planlaşdırılır.

SOCAR, həmçinin "Qaradağ" yeraltı qaz anbarının genişləndirilməsi üzrə işlər aparır. Hazırda Azərbaycan iki yeraltı qaz anbarından - "Qaradağ" və "Kalmaz"dan istifadə edir.

Hazırda "Qaradağ" qaz anbarının aktiv gücü 500 mln. kubmetrdir. SOCAR şirkəti 2010-cu ilin mart ayınadək "Qaradağ" yeraltı qaz anbarının gücünün 1,4 mlrd. kubmetrədək genişləndirilməsi üzrə işlərin birinci fazasını başa çatdıracaq. "Kalmaz" qaz anbarının aktiv gücü 1,1 mlrd. kubmetrdir.

Yeraltı qaz anbarları Azərbaycana yay dövrlərində artıq qalan "mavi yanacağ"ın saxlanılması və qışda istifadə olunması üçün lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti