Azərbaycan, Bakı, 08 iyul / Trend , A.Bədəlova /
Xəzər dənizi bu gün bir çox ölkələr, həmçinin Rusiya üçün enerji məsələləri nöqteyi-nəzərindən böyük maraq kəsb edir. Bu barədə Bakıda Azərbaycanın XİN-in ildönümünə həsr olunmuş beynəlxalq konfransda RF Prezidentinin Xəzər üzrə keçmiş xüsusi nümayəndəsi (RF-nin keçmiş energetika naziri) Viktor Kalyujnıy bildirib.
"Xəzər əhəmiyyətinə görə unikal dənizdir. Bu dəniz özündə dostluq, iqtisadiyyat, siyasət və təəssüf ki, bəzi problemləri birləşdirib", - deyə Kalyujnıy bildirib.
RF-nin keçmiş xüsusi nümayəndəsi təkcə iqtisadi yox, eyni zamanda siyasi əməkdaşlıq üçün də yeni imkanlar yaradacaq Xəzər dənizinin status probleminin tez bir zamanda həllinin vacibliyini qeyd edib.
Kalyujnıyın sözlərinə əsasən, Azərbaycan hazırda düzgün iqtisadi inkişaf yolundadır. "Azərbaycan Qafqazda sülhün və stabilliyin istinad nöqtəsidir", - deyə o bildirib.
RF prezidentinin Xəzər üzrə keçmiş xüsusi nümayəndəsi həmçinin Rusiya Federasiyası Prezidentinin Azərbaycana səfəri çərçivəsində qaz tədarükü üzrə imzalanan sənədlərin böyük əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu sənədlər iki ölkənin qarşılıqlı fəaliyyətində yeni səhifə açacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]