...

ITGI qaz kəməri layihəsinin həyata keçirilməsi üçün Azərbaycanla Türkiyə arasında tranzit müqaviləsi imzalanmalıdır – səfir

Energetika Materials 15 İyul 2009 15:34 (UTC +04:00)
ITGI qaz kəməri layihəsinin həyata keçirilməsi üçün Azərbaycanla Türkiyə arasında tranzit müqaviləsi imzalanmalıdır – səfir

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir, A. Bədəlova /

ITGI qaz kəməri layihəsinin həyata keçirilməsi üçün Azərbaycanla Türkiyə arasında tranzit müqaviləsi imzalanmalıdır. Bunu çərşənbə günü Bakıda İtaliyanın Azərbaycandakı səfiri Can Luici Maşa deyib.

"Bu müqavilə olmadan qaz Avropaya verilə bilməz. İndi biz Azərbaycanla Türkiyə arasında tranzit müqaviləsini gözləyirik və ümid edirik ki, o tezliklə imzalanacaq", - Maşa deyib.

Səfirin sözlərinə görə, İTGİ layihəsi İtaliya üçün çox vacibdir. Hər il ölkə 90 milyard kubmetr qaz idxal edir. İTGİ layihəsi İtaliyanın qaza tələbatının 10 faizini təmin edəcək.

Maşanın sözlərinə görə, İTGİ layihəsi çərçivəsində İtaliyaya 10, Yunanıstana 1, Bolqarıstana isə 1-3 milyard kubmetr qaz idxal olunacaq.

Bir gün əvvəl Bolqarıstanın energetika holdinqi (VEN) ilə həm DEPA (Yunanıstan), həm də Edison (İtaliya) şirkətləri arasında Bolqarıstanın və Yunanıstanın qaz sistemi arasında boru kəmərinin tikintisi barədə memorandum imzalanıb. Bolqarıstan 2012-ci ildən başlayaraq ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Bu barədə bir müddət əvvəl Azərbaycanla müvafiq razılaşma əldə olunub.

Dünən Sofiyada əldə olunmuş razılaşmaya görə, Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri tikintisi layihəsinin həyata keçirilməsi üçün idarəetmə şirkəti ("asset company") yaradılacaq.

Bu şirkət Bolqarıstanın VEN və Poseidon boru kəməri şirkətinin (DEPA (Yunanıstan) və Edison (İtaliya) şirkətinin bərabər payı olan) birgə nəzarətində olacaq. Bir gün öncə imzalanmış müqaviləyə həm də qazı Bolqarıstan sərhədinə və digər qonşu ölkələrə çatdıracaq kommersiya şirkətinin yaradılması məsələsi daxildir.  

160 kilometr uzunluğundakı İGB boru kəməri Komotini (Yunanıstan) və Dimitrovqrav (Bolqarıstan) şəhərlərini birləşdirəcək. Boru kəmərinin ötürmə gücü ildə 3-5 milyard kub metr qaz olacaq. Bu boru kəməri Bolqarıstanı Yunanıstan vasitəsilə qaz tədarükünün yeni mənbələri ilə təmin edəcək. Gözlənildiyi kimi, bu layihə üzrə sərmayələrin ümumi həcmi 120 milyon avro təşkil edəcək. Boru kəməri öz işinə 2012-ci ilin sonunda başlayacaq.  

Edison şirkətinin beynəlxalq biznes üzrə rəhbəri Roeberto Potinin dediyi kimi: "İGB boru kəməri İTGİ layihəsinin regional əhəmiyyətini artıracaq və Balkan ölkələrinə diversifikasiya mənbələri vasitəsi ilə tədarük təhlükəsizliyini artırmağa imkan verəcək".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti