Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir A.Bədəlova /
Bu ilin sonunda "Nabukko" layihəsi konsorsiumu qaz kəməri marşrutunun keçəcəyi torpaq sahələrinin alınması prosesinə başlayacaq. Bu barədə çərşənbə günü Nabucco Gas Pipeline International konsorsiumunun direktoru Reynhard Mitçek bildirib.
Onun sözlərinə görə, torpaqların alınması prosesinə ətraflı injinirinqin nəticələri əsasında başlanılacaq. Danışıqlar birbaşa olaraq torpaq sahibləri ilə aparılacaq.
"Nabukko" bir neçə ölkədə National Nabucco Company (şirkətin yerli nümayəndəlikləri) təsis edib və biz hökumət, torpaq sahibləri, bələdiyyələr ilə bu istiqamətdə danışıqlar aparırıq", - Mitçek bildirib.
Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]