...

ARDNŞ yeni rezervuar parkını Azərbaycanın iri yataqlarından birinin nefti ilə dolduracaq

Energetika Materials 14 Oktyabr 2009 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir E.İsmayılov/

"Neft daşları" dəniz yatağının 60 illik yubileyinin qeyd edilməsindən sonra "Neft Daşları" Neft-Qaz Çıxarçma İdarəsinin ərazisində yeni rezervuar parkının neftlə doldurulması gözlənilir, çərşənbə günü ARDNŞ-dan mənbə deyib. "Neft Daşları"nın təntənəli yubiley mərasiminin noyabrda keçirilməsi planlaşdırılıb.

"Yeni park hələ neftlə doldurulmayıb. Yəqin ki, doldurulma prosesi "Neft Daşları"nın noyabrda keçiriləcək yubileyindən sonra başlayacaq", - mənbə deyib.

Bir qədər əvvəl ARDNŞ yeni rezervuar parkının inşasını başa çatdırıb. Parkın yoxlanılması məqsədilə buraya su doldurulub.

Rezervuar parkı ümümilikdə 6 rezervuardan təşkil edilib, onlardan biri xammalların ayrılması üçün istifadə ediləcək. Hər bir rezervuarın həcmi 2000 ton, diametri 15 metr, hündürlüyü isə 12 metrdir.

ARDNŞ geoloqlarının dəyərləndirməsinə görə, "Neft Daşları" yatağında qalan neft ehtiyatının həcmi 30 milyon ton təşkil edir. ARDNŞ 2010-cu ilədək yataqda neft hasilatının artırılması üçün zəruri olan 78 yeni quyunun qazılmasını planlaşdırır.

Əhəmiyyətli dərəcədə neft ehtiyatına malik olan "Neft Daşları" yatağı Azərbaycanın dənizdə neft hasilatına başladığı ilk yataqdır. Bu il yataqda neft hasilatının artırılması üçün zəruri olan 21 quyu qazılması planlaşdırılır.

Yeni quyuların qazılması "Neft Daşları" NQÇİ-nin neft-qaz hasilatının həcminin 812 min ton neftdən 1,2 milyon tonadək artırılmasına dair Azərbaycan Prezidentinin sərəncamı çərçivəsində həyata keçirilir.

Azərbaycanda 57 neft-qaz yatağı var ki, bunlardan 18-i dənizdə, qalanları isə quruda yerləşir. Hazırda ARDNŞ-in işçi ştatı 62 min nəfərdən çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti