...

Yunanıstan "Şahdəniz" yatağından Azərbaycan qazının idxalında maraqlıdır - nazir müavini Kuvelis

Energetika Materials 26 Oktyabr 2009 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir E.İsmayılov/

Yunanıstan "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının idxalında maraqlıdır. Bu barədə Yunanıstanın xarici işlər nazirinin müavini Spirdon Kuvelis Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev ilə görüşdə bildirib.

"Kuvelis bildirib ki, Yunanıstan hökuməti böyük həcmdə Azərbaycan qazının tez bir zamanda tədarük edilməsinə ümid edir", - Azərbaycanın Sənaye və Energetika Nazirliyinin məlumatında deyilir.

"Azərbaycan ARDNŞ və xarici şirkətlər tərəfindən birgə işlənən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Yunanıstana bir milyard kubmetr qaz satışı üçün potensiala malikdir", - Əliyev görüş zamanı bildirib.

Onun sözlərinə görə, bunun üçün ilk növbədə tranzit məsələsi aydınlaşdırılmalıdır.

Əliyevin bildirdiyi kimi, Azərbaycan əvvəl ildə 4,5 milyard kubmetr qaz idxal edirdisə, ölkədə böyük layihələrin işlənməsinə başlanıldıqdan sonra daha qaz idxal etmir, əksinə öz qazını qonşu ölkələrə ixrac edir. Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyəyə ixrac edilir, gələcəkdə isə qaz digər ölkələrə də ixrac olunacaq.

Energetika naziri Əliyev Kuvelisi ölkənin alternativ və bərpa oluna bilən enerji mənbələri sahəsindəki imkanları barədə məlumatlandırıb. Baxmayaraq ki, Azərbaycan ənənəvi enerji ehtiyatlarına malikdir, ölkə alternativ enerji mənbələri məsələsini prioritet kimi nəzərdən keçirir. Bunun nəticəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə respublikada Alternativ və Bərpa Oluna Bilən Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Dövlət başçısının tapşırığı ilə 2010-cu ildə Azərbaycanda bu istiqamətdə bir sıra pilot layihələr həyata keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti