...

İraq Avropaya qaz ixrac etməyə hazır deyil - Neft naziri

Energetika Materials 9 Noyabr 2009 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 noyabr / Trend , müxbir A.Bədəlova/

İraq ölkənin daxili bazarının qaza olan tələbatını ödəmədikcə, Avropaya bu yanacağı tədarük etməyəcək. Bu barədə İraqın neft naziri Hüseyn Şəhristani bildirib.

"Biz ölkənin daxili tələbatını ödəyənədək yaxın illər ərzində beynəlxalq bazarlara qaz tədarük edəcəyimizi gözləmirik", - Şəhristani Bağdada verdiyi müsahibə zamanı deyib. Məlumatı Bloomberg yazır.

Bu gün Azərbaycan ilə birgə İraq da "Nabukko" kəməri üçün ilkin qaz tədarükçüsü qismində nəzərdən keçirilir. Nabucco Gas Pipeline International marketinq şirkətinin idarəetmə direktoru Reynhard Mitçek keçən ayın əvvəlində bildirmişdi ki, 2015-ci ildə boru kəməri ilə İraq qazının tədarük həcmi 8 milyard kubmetr təşkil edəcək. Ümumilikdə, Azərbaycan və İrandan 16 milyard kubmetrlik qazın tədarükü gözlənilir ki, bu da birinci fazanın realizəsi üçün kifayət edir. "Nabukko" boru kəmərinin maksimal gücü 31 milyard kubmetr təşkil edir.

"Nabukko" layihəsinin səhmdarları olan Avstriyanın OMV və Macarıstanın MOL şirkətləri mayda İraqın şimalında (Kürdüstan) qaz hasilatının artırılması məqsədilə İraqın Pearl Petroleum qaz şirkətinə məxsus səhmlərin 20 faizini əldə ediblər. Güman edilir ki, tərəfdaşlar İraqın şimalında qaz hasilatı və nəqlinin inkişafına 8 milyard dollar vəsait yatıracaqlar.

BP-nin məlumatına görə, İraqın təsdiqlənmiş qaz ehtiyatları 2009-cu ilin əvvəlində 3,17 trilyon kubmetr təşkil edib. Bu göstərici ümumdünya təbii qaz ehtiyatının 1,7 faizini təşkil edir.

ABŞ-ın Energetika İnformasiyaları İdarəsinin (EIA) məlumatına görə, İraqda qaza olan tələbat 1981-2006-cı illərdə 1,96 - 3,24 milyon kubmetr olub. Ən az tələbat 1,96 milyard kubmetr olmaqla 1983-cü ildə, ən çox tələbat isə 3,24 milyard kubmetr olmaqla 1996-cı ildə müşahidə edilib. 2006-cı ildə İraqda 1,8 milyard kubmetr qaz istehlak edilib ki, bu da 2005-ci illə müqayisədə 0,6 milyard kubmetr azdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti