...

ARDNŞ İrana qaz tədarükünə dair danışıqlara başlamağa hazırlaşır

Energetika Materials 8 Dekabr 2009 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir E.İsmayılov/

Dekabr ayının 3-cü ongünlüyündə ARDNŞ və İran tərəfi arasında bu ölkəyə Azərbaycan qazının tədarük edilməsi çərçivəsində danışıqlar başlayacaq. Bu barədə çərşənbə axşamı neft-qaz bazarındakı mənbə deyib. Noyabrın ortalarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və İran Milli Qaz Şirkəti 2010-cu ildən etibarən Azərbaycan qazının İrana tədarükü üzrə qarşılıqlı anlaşmaya dair memorandum imzalayıblar.

"Danışıqlar çərçivəsində həm ticari, həm də texniki məsələlər müzakirə ediləcək və gözdən keçiriləcək", - mənbə deyib.

Mənbənin sözlərinə görə, İran tərəfindən Azərbaycan qazının alınmasına dair müqavilənin bu il imzalanacağı gözlənilmir. Müqavilə gələn il imzalanacaq. Ehtimal edilir ki, bu, gələn ilin ikinci yarısında baş verəcək. Mənbənin fikrincə, İranın yay mövsümündə artıq qaza ehtiyacı olmayacaq.

Bir gün əvvəl İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami demişdi ki, İran Azərbaycandan ildə 5 milyard kubmetrədək qaz əldə etmək niyyətindədir.

Azərbaycan qaz ixracı üzrə dörd istiqamətə malikdir - Türkiyə, Gürcüstan, Rusiya və İran. Hazırda Türkiyə və Gürcüstana qaz ixrac edilir. Gələn ilin əvvəlindən Azərbaycan qazının Rusiyaya ixracı başlayacaq.

Azərbaycan və İranı uzunluğu 1474,5 kilometr olan "Qazı Məhəmməd-Astara-Bind-Biand" qaz kəməri bağlayır. Onun buraxılış gücü ildə 10 milyard kubmetrdir. Bu marşrut 1971-ci ildə istismara verilən "Qazax-Astara-İran" boru kəmərinin qoludur. Onun yolunda üç kompressor stansiyası quraşdırılıb - Qazı Məhəmməd, Ağdaş və Qazaxda. Qaz-nəqliyyat sistemi 55 atmosfer təzyiqinə hesablanıb. Boru kəmərinin diametri 1200 millimetrdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti