...

Azərbaycanda yeni neft-qaz müqaviləsi imzalanıb

Energetika Materials 22 Dekabr 2009 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı Bakıda Bahar Energy Limited şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar" və "Qumdəniz" dəniz yataqlarına daxil olan blokların kəşfiyyatına, reabilitasiyasına, işlənməsi və hasilatına dair PSA tipli müqavilə imzalayıb.

Sazişi ARDNŞ prezidenti Rövnəq AbdullayevBahar Energy Limited şirkətinin baş direktoru Riçard Makduql imzalayıb.

Bahar Energy Limited şirkəti BƏƏ-də Jebel Ali azad iqtisadi zonasının ərazisində qeydiyyatdan keçib. ARDNŞ 2009-cu il aprelin 16-da bu şirkətlə qarşlıqlı anlaşma haqqında memorandum imzalayıb.

1955-ci ildən istismarda olan "Qumdəniz" yatağı Bakıdan cənub-şərqə doğru 21 kilometrlik məsafədə yerləşir. İndiyədək yataqdan 28,9 milyon tona yaxın neft və 27 milyard kubmetr qaz hasil edilib.

1969-cu ildən işlənən "Bahar" yatağı Bakının cənub-şərqindən 40 kilometr məsafədə yerləşir. İndiyədək yataqdan 16,8 milyon tondan çox neft və 128,7 milyard kubmetrə yaxın qaz hasil edilib.

Gələcək beş il ərzində mütəxəssislər "Bahar" yatağında qaz hasilatının azalma tempini 15 faiz, kandensatın azalma tempini isə 10 faiz səviyyəsində proqnozlaşdırırlar.

Ona görə ARDNŞ hesab edir ki, "Bahar" və "Qumdəniz" yataqlarında reabilitasiya proqramının reallaşdırılmasına xarici kapitalın cəlb edilməsi nəticəsində qısa müddətdə hasilatın stabilləşməsi və karbohidrogen ehtiyatlarının artması mümkün olacaq.

Məqalə müəllifi ilə əlaqə ünavnı: [email protected]

Xəbər lenti

Xəbər lenti