Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir S.Ağayeva/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya və respublikanın şimal rayonlarına qaz tədarükünü bərpa edib. Bu barədə şənbə günü ARDNŞ-nin tərkibinə daxil olan "Azəriqaz" İB-dən deyilib.
"Qaz verilişi qaz sızması baş vermiş boru kəmərindəki işlərin başa çatdırılmasından sonra Bakı vaxtı ilə saat 10:00-da bərpa edilib", - İB-dən deyilib.
Qaz sızması Şirvanovka-Qazıməmməd qaz kəmərinin 380-cı kilometrliyində baş vermişdi. Qazıməmməd-Mozdok boru-kəməri vasitəsilə Azərbaycan qazı Rusiyaya tədarük edilir. Hazırda qaz sızması tamamilə aradan qaldırılıb.
Azərbaycan qazının Rusiyaya alqı-satqısına dair ortamüddətli (uzadılma imkanı olmaqla) müqavilə 2009-cu il oktyabrın 14-də Bakıda ARDNŞ və "Qazprom" arasında imzalanıb. Bu müqavilə 2010-2014-cü illəri əhatə edir. Müqaviləyə əsasən, Azərbaycan tərəfi Rusiyaya ildə ən azı 500 milyon kubmetr qaz tədarük edəcək. Müqavilədə qaz tədarükünün dəyişmə həcmi göstərilməyib. ARDNŞ yarım il qarşı tərəfi tədarük edə biləcəyi həcm haqqında əvvəlcədən xəbərdar edəcək.
"Qazprom" və ARDNŞ Rusiyaya ilkin olaraq 500 milyon kubmetr Azərbaycan qazının tədarükü barədə razılaşıblar, lakin sonra tədarükün iki dəfə artırılması barədə qərar qəbul edilib, 2011-ci ildə isə tədarük həcmi iki dəfə artırılacaq və təxminən 2 milyard kubmetr təşkil edəcək.