Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir E.İsmayılov/
Azərbaycanın maye qazının Qara dəniz vasitəsilə Rumıniyaya tədarükü layihəsi gələcəkdə Bolqarıstan, Ukrayna və Moldovanın da qoşulması hesabına genişlənə bilər. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Oettinger ilə danışıqların yekununda bildirib.
"Azərbaycanın maye qazının tədarükü layihəsi həm Rumıniya, həm də Azərbaycan üçün vacibdir. Perspektivdə əlavə kompressor stansiyalarının quraşdırılması ilə Azərbaycanın maye qazının Moldova, Ukrayna və Bolqarıstana nəql ediləcəyi mümkündür", - nazir deyib.
Aprelin 13-də Buxarestdə Azərbaycan, Gürcüstan və Rumıniya arasında maye qaz və onun nəqli sahəsində əməkdaşlığa dair qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri Adrian Videanu və Gürcüstanın energetika naziri Aleksandr Xetaquri imzalayıb.
Hazırda Gürcüstanın Qara dəniz sahilində (ARDNŞ Kulevidə neft terminalına sahibdir) Azərbaycan qazının emalı üzrə terminalın inşası və qazın Avropanın daxili qaz-nəqliyyat şəbəkəsi üzrə gələcək göndərişi üçün Rumıniya və ya Bolqarıstana nəqli məsələsi nəzərdən keçirilir. Layihəyə iki istiqamətdə baxılır - LNG və CNG. Birincisi, qazın mayeləşdirilməsi üzrə zavodun inşası, ikincisi, qazın mayeləşdirilməsi üçün bilavasitə gəmiyə çatdırılmasıdır. Bu layihə çərçivəsində söhbət 7-20 milyard kubmetr qazdan gedir.