...

ARDNŞ alternativ enerji hasilatı üzrə avadanlıqların quraşdırılmasına başlayır

Energetika Materials 19 Aprel 2010 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.İsmayılov/

Mayda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin sahəsində ekoloji parkın yaradılması çərçivəsində alternativ enerji hasilatı üçün avadanlıq quraşdıracaq. Bunu ARDNŞ-nin ekologiya məsələləri üzrə vitse-prezidenti Muxtar Babayev deyib. Park 9,3 hektar ərazidə yerləşəcək.

"Mayda ekoloji parkda külək enerjisinin generasiyası üzrə qurğular və günəş batareyaları olacaq", - Babayev bildirib. Ekoloji parkda hər biri 10 kilovat gücündə dörd külək generatoru və ümumi gücü 20 kilovat olan günəş batareyaları qurulacaq.

Babayevin bundan əvvəl dediklərinə görə, park tərəfindən enerji istehlakı az olacaq, lakin ilkin mərhələdə bu istehlakda alternativ və bərpa olunan mənbələrin payı 20-25 faizə yaxın təşkil edəcək. Ekoloji parkda ekzotik bitkilər, yeni ağac və gül növləri üçün xüsusi zonalar yaradılacaq. Həmçinin 50 min şitilin becərilməsi üçün xüsusi istixana yaradılacaq. Bu şitillərdən gələcəkdə şirkətin ehtiyacları üçün istifadə olunacaq.

İlkin mərhələdə ərazinin hasarlanması, zəruri infrastrukturun yaradılması və yeni bitki növlərinin şitillərinin becərilməsi planlaşdırılır.

Ekoloji layihənin həyata keçirilməsinin ikinci mərhələsində alternativ enerji növlərinin tətbiqinin genişləndirilməsi və parkın lazımi enerji ilə təminatında onların istifadəsinin artırılması planlaşdırılır. Parkın yaradılması üzrə işlərin bu il başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti