...

ARDNŞ və ENİ rəhbərləri Xəzərdəki neft-qaz əməliyyatlarında şirkətlərin əməkdaşlıq imkanlarını müzakirə ediblər

Energetika Materials 21 İyul 2010 11:16 (UTC +04:00)
İyulun 20-də ARDNŞ-in baş ofisində şirkət rəhbərliyi ilə Bakıya rəsmi səfərə gəlmiş İtaliyanın ENİ şirkətinin prezidenti doktor Paolo Skaroni və səfərdə onu müşayiət edən şirkət rəhbərliyinin digər təmsilçiləri - Leonardo Bellodi, Daniyele de Covanni, Ernesto Ferlenqi və Erika Mandraffino arasında görüş keçirilib.
ARDNŞ və ENİ rəhbərləri Xəzərdəki neft-qaz əməliyyatlarında şirkətlərin əməkdaşlıq imkanlarını müzakirə ediblər

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir R.Dərəxşan/

İyulun 20-də ARDNŞ-in baş ofisində şirkət rəhbərliyi ilə Bakıya rəsmi səfərə gəlmiş İtaliyanın ENİ şirkətinin prezidenti doktor Paolo Skaroni və səfərdə onu müşayiət edən şirkət rəhbərliyinin digər təmsilçiləri - Leonardo Bellodi, Daniyele de Covanni, Ernesto Ferlenqi və Erika Mandraffino arasında görüş keçirilib.

Görüşdə ARDNŞ-in sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib ki, son dövrdə ENİ korporasiyası ilə ARDNŞ arasında işgüzar münasibətlər intensivləşib, bu əlaqələr Azərbaycan və İtaliya dövlətləri arasında münasibətlərin inkişafına xidmət edir. O, ENİ korporasiyasına daxil olan "Saipem" şirkətinin Azərbaycanda uzun müddətdir ki, uğurla fəaliyyət göstərdiyini və ARDNŞ ilə səmərəli əməkdaşlıq etdiyini xüsusi vurğulayıb.

Ötən ay ENİ korporasiyasının vitse-prezidenti Daniyele de Covanninin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində iki şirkəti maraqlandıran məsələlər haqda ətraflı müzakirələrin aparıldığı qeyd olunub.

ARDNŞ nümayəndələri ENİ kopropasiyasının prezidenti doktor Paolo Skaroni və şirkətin yüksək səviyyəli nümayəndə heyəti ilə bugünkü görüşün qarşılıqlı münasibətlərə yeni impuls verəcəyinə əmin olduqlarını söyləyiblər.

Görüşdə bildirilib ki, son illər "Şahdəniz", "Azəri-Çıraq-Günəşli" layihələri çərçivəsində və ARDNŞ-in müstəqil işlədiyi yataqlarda görülən tədbirlər nəticəsində ölkəmizdə neftin və təbii qazın hasilatı rekord səviyyədə yüksəlib. Həmçinin, qonaqlara Azərbaycan neftinin və qazının dünya bazarlarına şaxələndirilmiş marşrutlar üzrə çıxarılmasına imkan verən ixrac neft və qaz kəmərləri sisteminin qısa müddətdə yaradıldığı və uğurla fəaliyyət göstərdiyi haqda da ətraflı məlumat verilib.

Görüşdə Xəzər dənizində aparılan neft-qaz əməliyyatlarında ARDNŞ ilə ENİ korporasiyası arasında mümkün əməkdaşlıq imkanları və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti