...

"Azərenerji" ISO standartlarına keçir

Energetika Materials 6 Avqust 2010 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda ilk dəfə olaraq "Azərenerji" SC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) ISO 9001 keyfiyyətin idarə olunması standartının və ISO 14001 ekoloji menecment sisteminin tətbiqinə keçir. Bu barədə cümə günü SC-nin Ekologiya İdarəsinin rəhbəri Zaur Məmmədov bildirib.

"Layihə unikaldır. Çünki dərhal 35 müəssisəni əhatə edir və hər iki standartın birləşdirilmiş tətbiqi ilə başa çatır", - Məmmədov deyib. SC-də yeni standartların tətbiqi ilə yeni menecment sistemi yaradılacaq.

Layihənin 14 ay ərzində həyata keçirilməsi nəzərdə tutulub. 2011-ci ilin martında layihə çərçivəsindəki bütün işlərin tamamlanması, SC-də audit aparacaq və ona müvafiq sertifikatları təqdim edəcək orqana müraciət olunması planlaşdırılır. Auditorun seçimi elan olunmuş tender əsasında keçiriləcək. Nümunə olaraq Məmmədov tenderdə iştiraka dəvət oluna biləcək "Bureau Veritas", SGS, "PriceWaterhouse&Coopers" kimi sertifikatlaşdırma şirkətlərinin adlarını çəkib.

Bu layihənin reallaşdırılması çərçivəsində avqustun 6-da SC-də "Azərenerji"nin tərkibinə daxil olan müəssisələrin nümayəndələrinə ISO 9001/14001 prosedurunun təqdimatı keçiriləcək.

Məmmədovun sözlərinə görə, oktyabrda SC ikinci təqdimatın keçirilməsi məqsədilə əlaqələndiriciləri və auditorları toplamağı planlaşdırır. Həmçinin əlaqələndiricilər və auditorlar üçün ayrı-ayrı treninqlərin keçirilməsi də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti