...

Azərbaycanın daxili bazarında neft məhsullarının satışı artıb

Energetika Materials 13 Avqust 2010 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Yanvar-iyulda Azərbaycanın daxili bazarlarına 2,1 milyon tona yaxın neft məhsulları göndərilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,2 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Neft məhsullarının ümumi həcmindən 585,8 min tonu avtomobil benzininin payına düşüb ki, bu da daxili bazarda ötən ilin analoji dövrünə nisbətən 6,7 faiz artıb. Azərbaycanın daxili bazarında А-92 markalı benzinin bir tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV daxil olmaqla) 670 AZN, А-95 isə 736 AZN təşkil edir. Komitənin məlumatına görə, yanvar-iyul aylarında Azərbaycanın "Azpetrol" şirkəti realizə üçün, təxminən, 278,3 min tondan çox, "LUKoyl" isə 89,63 min tona yaxın avtomobil benzini alıb. "SOCAR Petroleum" şirkətinə 110,13 min ton avtomobil benzini göndərilib.

Yanvar-aprel aylarında daxili bazarda 492,4 min ton dizel yanacağı satılıb ki, bu da ötən ilin yanvar-iyuluna nisbətən 15 faiz çoxdur. Daxili bazarda 1 ton dizel yanacağının topdansatış qiyməti (təminat xərcləri və ƏDV daxil olmaqla) 485 AZN təşkil edir. Bu həcmdən "Azpetrol" 120,6 min ton, "LUKoyl" isə 55,15 min tona yaxın dizel yanacağı əldə edib. Xəzər Dəniz Gəmiçiliyi, təxminən, 12,8 min ton dizel yanacağı alıb. Bu dövrdə "SOCAR Petroleum"a 68,94 min tona yaxın dizel yanacağı göndərilib.

Hazırda "Azpetrol" Azərbaycanda 70 yanacaqdoldurma stansiyasına (YDS) malikdir ki, onlardan 66-sı benzindoldurma, 4-ü qazdoldurma stansiyasıdır. Yanacağın keyfiyyətinin yaxşılaşdırılması, YDS-in fasiləsiz işləməsini təmin etmək və müştərilərə xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 1999-cu ildə ümumi tutumu 7 min ton olan neft bazası və beynəlxalq tələblərə cavab verən avtomobil parkı istismara verilib. Hazırda şirkətin avtomobil parkında 17 tondan 42 tonadək tutumu olan 110 benzindaşıyan maşın var ki, onlar şirkətin YDS-lərini yanacaqla təmin edirlər. Ölkədəki YDS-lərin ümumi sayının, təxminən, 15%-i "Azpetrol" şirkətinə məxsusdur, şirkətin bazarın müvafiq sektorundakı payı isə 50%-dən çox təşkil edir.

Yanvar-iyul aylarında daxili bazarda 143,4 min ton yanacaq mazutu satılıb ki, bu da ötən ilin analoji dövrünə nisbətən 28,8 faiz azdır. Daxili bazarda М-40 mazutunun 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV daxil olmaqla) 100 AZN təşkil edir.

276,3 min ton aviasiya kerosini satılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 35,9 faiz çoxdur. Aviasiya kerosininin 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV daxil olmaqla) 307 AZN təşkil edir.

Yanvar-iyul aylarında 117 min ton neft bitumu satılıb. Bu göstərici ötən illə müqayisədə 6,2 faiz azdır. Daxili bazarda BN 60/90 bitumunun 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV daxil olmaqla) 160 AZN təşkil edir.

Yanvar-iyulda daxili bazarda 44,7 min ton maye neft-qaz satılıb. Bu göstərici ötən ilin yanvar-iyulu ilə müqayisədə 5,3 faiz azdır.

Neft məhsullarının digər növlərindən daxili bazarda 429,4 min ton satılıb ki, bu da 2009-cu ilin analoji dövrü ilə müqayisədə 19 faiz azdır.

Xəbər lenti

Xəbər lenti