...

"Azərikimya" İB əməyin mühafizəsi və texniki təhlükəsizliyə böyük diqqət yetirir

Energetika Materials 20 Avqust 2010 19:43 (UTC +04:00)
ARDNŞ-in mühüm strukturlarından olan "Azərikimya" İB-də aparılan əsaslı təmir və yenidənqurma işləri uğurla davam etdirilir. Həyata keçirilən bu işlər zamanı əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirilir. Bu barədə İstehsalat Birliyinin cümə günü yayılan məlumatında deyilir.
"Azərikimya" İB əməyin mühafizəsi və texniki təhlükəsizliyə böyük diqqət yetirir

Azərbaycan, Bakı, 20 avqust /Trend/

ARDNŞ-in mühüm strukturlarından olan "Azərikimya" İB-də aparılan əsaslı təmir və yenidənqurma işləri uğurla davam etdirilir. Həyata keçirilən bu işlər zamanı əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirilir. Bu barədə İstehsalat Birliyinin cümə günü yayılan məlumatında deyilir.

Belə ki, birliyin Etilen-Polietilen Zavodunda başa çatmaqda olan əsaslı təmir işləri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi ilə bağlı istehsalatın müxtəlif sahələrində nəzərdə tutulmuş tədbirlərin 75 faizə qədəri tam və keyfiyyətlə yerinə yetirilib. Təmir işlərinin xüsusi diqqət və məsuliyyət tələb edildiyi hündür qurğularda çalışan təmirçilərin səyi və əzmkarlığı sayəsində, əməyin mühafizəsi baxımından xüsusilə çətin və mürəkkəb işlər, eləcə də 125 metr hündürlüyə malik məşəl qurğusunun xidmət meydançalarında və pilləkən konstruksiyalarında təmir işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Digər bir hündür qurğuda - "E-5" sexinin 70 metr yüksəkliyə malik kalonunun baş hissəsində isə izolə işlərinin təhlükəsiz aparılması tam təmin edilib.

Qeyd etmək lazımdır ki, əməyin mühafizəsi və texniki təhlükəsizlik tədbirlərinə "Azərikimya" İB-nin bütün müəssisələrində xüsusi diqqətlə yanaşılır. Birlik rəhbərliyi həm əsaslı təmir müddətində, həm də təmirdən sonra - texnoloji avadanlıq və qurğuların istismarı zamanı əməyin mühafizəsinin və təhlükəsizliyin təmini üçün reallaşdırılmalı olan bütün tədbirlərin yüksək səviyyədə, mövcud standart və qaydalara ciddi əməl edilməklə, qüsursuz yerinə yetirilməsini qarşıya məqsəd qoyub. İstehsalatın bütün sahələrində işçilər üçün normal və təhlükəsiz, sağlam iş şəraiti yaradılır. Kimyaçıların sağlamlığına ziyan yetirə biləcək bütün texniki nasazlıqlar, o cümlədən, kimyəvi məhsul və reagentlərin təsiri nəticəsində aşınmaya və korroziyaya məruz qalmış, bu səbəbdən də insan həyatı üçün hər hansı bir şəkildə təhlükə doğura biləcək qüsurlar qətiyyətlə aradan qaldırılır.

Uzun müddət istifadə olunmayan, həmçinin, ayrı-ayrı sahələrdə aşınmaya məruz qalmış, əməyin mühafizəsi, sağlamlığın qorunması baxımından təhlükə mənbəyinə çevrilən müxtəlif boru kəmərləri, yararsız avadanlıqlar sökülərək ərazidən çıxarılıb. Bundan əlavə, istehsalat ərazisindəki avadanlıq və texnoloji xətlərin hər biri diqqətlə təftiş olunmuş, gələcəkdə qəza ilə nəticələnə biləcək aşınma və sızma halları müşahidə edilən boru kəmərləri təmir edilmiş və müəyyən hissələr bütünlüklə dəyişdirilmişdir. Müəssisənin yüksək temperatur və 1 000 atmosferdən yuxarı təzyiq altında işləyən avadanlıqlarının təhlükəsiz istismarını təmin etmək məqsədi ilə 250-dən artıq qoruyucu klapan təftiş edilmiş, avadanlıqlar texniki müayinədən keçirilmişdir. Həmçinin, yanğın təhlükəsizliyini təmin etmək məqsədilə istehsalatdakı rezervuarlardan birinin sıradan çıxmış pantonu bərpa olunub. Bunun sayəsində rezervuarın təmirdən sonra işə salınması zamanı benzin buxarlarının təhlükə mənbəyi kimi əraziyə yayılmasının qarşısı alınacaq.

Artıq ikinci aydır ki, əməyin mühafizəsi və işçilərin texniki təhlükəsizliyini təmin etmək məqsədilə, "Azərikimya" İB-nin bütün müəssisələrində çalışan əməkçilər xüsusi geyim forması, dəbilqə və s. ləvazimatlarla təmin ediliblər. Hündürlükdə işləyən işçilər onlar üçün ayrılmış xüsusi təhlükəsizlik kəmərlərindən istifadə edir və hər gün iş saatı başlanmazdan əvvəl texniki təhlükəsizlik üzrə təlimatlandırılırlar. Görülmüş profilaktik tədbirlərin nəticəsidir ki, təmir müddətində son günlərədək heç bir qəzaya və istehsalat zədələnməsinə yol verilməyib.

Xəbər lenti

Xəbər lenti