...

"Azərikimya" İstehsalat Birliyi və Azərbaycan Fövqəladə Hallar Nazirliyi birgə təlim keçiriblər

Energetika Materials 3 Sentyabr 2010 17:37 (UTC +04:00)
Sentyabrın 3-də ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə birgə mülki müdafiə təlimləri keçirilib.
"Azərikimya" İstehsalat Birliyi və Azərbaycan Fövqəladə Hallar Nazirliyi birgə təlim keçiriblər

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.İsmayılov/

Sentyabrın 3-də ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə birgə mülki müdafiə təlimləri keçirilib.

Təlimin əsas məqsədi fövqəladə hadisələr zamanı "Azərikimya" İstehsalat Birliyi və Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin qarşılıqlı və operativ fəaliyyətini təşkil etməkdir.

Tədbir zamanı xüsusilə yanğın və digər fövqəladə hadisələrin başvermə ehtimalı yüksək olan Etilen-polietilen zavodunda mülki müdafiəyə hazırlığın real vəziyyəti öyrənilib, mümkün ola biləcək hər hansı bir qəza zamanı işçilərin, ümumiyyətlə əhalinin mühafizə olunması səviyyəsi yoxlanılıb. Xilasetmə və digər təxirəsalınmaz işlər yerinə yetirilərkən rəhbər heyətin operativ və düzgün qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi, fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən hərbiləşdirilməmiş mülki-müdafiə dəstələrinin əməli vərdişlərə maksimum yiyələnmələrinə çalışılıb.

Şərti olaraq Etilen-polietilen zavodunun "Xammalın qəbulu, saxlanılması və nəqli sexi"ndə kimyəvi məhsulun sızması nəticəsində iri həcmli çənlərdən birində baş vermiş partlayışdan sonra mülki müdafiə qüvvələri "hadisə" yerində təxirəsalınmaz xilasetmə və qəzanın qarşısının alınması işlərini qısa müddət ərzində tam dəqiqliklə həyata keçiriblər. 200 nəfərin cəlb edildiyi təlimdə Etilen-polietilen zavodunun hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, Fövqəladə Hallar Nazirliyinin 60 nəfərdən ibarət şəxsi heyəti ilə 12 yanğınsöndürmə maşını iştirak edib.

Təlimdə ARDNŞ-nin "Azərikimya" İB-nin baş direktoru Muxtar Babayev, Fövqəladə Hallar Nazirliyi Yanğın Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Akif Zeynalov, Respublika "Qızıl Aypara" Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhər Təcili tibbi-yardım stansiyasının həkimlər briqadası təlim müddəti ərzində zavodun ərazisində növbə çəkiblər.

Xəbər lenti

Xəbər lenti