Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir A.Yusifzadə/
Sumqayıt şəhərində 2010-cu ilin avqust ayında güzəştsiz əhali kateqoriyası üzrə istehlak olunan elektrik enerjisinin dəyərinin ödənişi 100,47 faiz təşkil edib. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyəti "Sumqayıtelektrikşəbəkə" ASC-nin rəisi Hakim Hüseynova istinadən bildirib.
Cari ilin avqust ayı ərzində şəhərin güzəştsiz əhali qrupu tərəfindən 756,762 min manat dəyərində, 12 612,695 min kVt/saat həcmində elektrik enerjisi istifadə edilib. Bunun müqabilində əhali tərəfindən 760,347 min manat dəyərində ödəniş olub.
Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 79 501 nəfər abonent var. Şəhər üzrə ümumilikdə 75 875 ədəd elektrik sayğacı quraşdırılıb.
Şəhər İcra Hakimiyyətindən onu da bildiriblər ki, güzəştsiz əhalinin 64,8 faizi su sayğacı ilə təmin edilib. 2010-cu ilin avqust ayında şəhərin güzəştsiz əhalisinə 416,6 min manat dəyərində içməli su verilib. Bunun müqabilində əhali tərəfindən 260,5 min manat dəyərində ödəniş olub ki, bu da 62,5 faiz təşkil edir. Ödənişdə iştirak etmiş abonentlərin sayı isə 43 776 nəfərdir.
Hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 68 400 nəfər abonent var.