...

ARDNŞ "Ümid" strukturundakı qazmada müsbət nəticələrin əldə olunacağına əmindir

Energetika Materials 17 Sentyabr 2010 12:19 (UTC +04:00)
Xəzər dənizinin Azərbaycan sektorundakı "Ümid" perspektivli strukturunda birinci kəşfiyyat qazması çərçivəsində müsbət nəticələr əldə olunacağı halda, gələn il ikinci maili quyunun qazılmasına başlanacaq. Bu barədə cümə günü ARDNŞ-nin (Azərbaycan Dövlət Neft Şirkəti) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
ARDNŞ "Ümid" strukturundakı qazmada müsbət nəticələrin əldə olunacağına əmindir

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.İsmayılov/

Xəzər dənizinin Azərbaycan sektorundakı "Ümid" perspektivli strukturunda birinci kəşfiyyat qazması çərçivəsində müsbət nəticələr əldə olunacağı halda, gələn il ikinci maili quyunun qazılmasına başlanacaq. Bu barədə cümə günü ARDNŞ-nin (Azərbaycan Dövlət Neft Şirkəti) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hazırda layihə üzrə 6 500 metr təşkil edən quyunun dərinliyi 5 500 metrdir. Quyuda qazma işləri bu günlərdə bərpa ediləcək. Bu quyuda işlər ilin sonunadək başa çata bilər.

ARDNŞ bu strukturda öz vəsaiti hesabına axtarış-qazma işləri aparır və bunun üçün şirkət tərəfindən platforma tikilib.

Yusifzadə üzən qazma qurğu vasitəsilə quyu üzərində platformanın tikintisinin üstünlüyünü qeyd edib. Platformanın inşası üçün, ilk növbədə, artıq mövcud olan və əvvəllər istifadə edilməmiş bloklardan istifadə olunub.

"Üzən qazma qurğu ilə qazılan quyunun dəyəri 200 milyon dollara yaxın təşkil edə bilərdi. Belə isə o, 60-70 milyon dollara başa gələcək", - Yusifzadə qeyd edib.

Həmçinin, quyunun qazılması uğurla başa çatarsa, ARDNŞ-nin hazır platforması və altı quyu qazmaq üçün ümkanı olacaq. Yusifzadə, həmçinin, "Ümid"də kəşfiyyat qazmasının nəticələrinin 90 faiz müsbət olacağına əminliyini ifadə edib.

"Ümid" strukturunun mümkün ehtiyatları ARDNŞ geoloqları tərəfindən 200 milyard kubmetr qaz və 30 milyon ton kondensat həcmində qiymətləndirilir. "Ümid" ARDNŞ-nin öz qaz ehtiyatlarını artırmaq fikrində olduğu perspektivli strukturlarından biridir.

Xəbər lenti

Xəbər lenti