...

Yanvar-avqustda Azərbaycanın daxili bazarında neft məhsullarının satışı artıb

Energetika Materials 21 Sentyabr 2010 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Yanvar-avqust aylarında Azərbaycanın daxili bazarına 2,4 milyon neft məhsulları göndərilib ki, bu da 2009-ci ilin analoji dövr göstəricisi ilə demək olar eynidir. Bu barədə ölkənin Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Neft məhsullarının ümumi həcmindən 680,7 min ton daxili bazarda ən çox satılan avtomobil benzininin payına düşüb. Bu dövrdə benzin ötən ilin yanvar-avqustunda olduğundan çox satılıb. Azərbaycanın daxili bazarında 1 ton A-92 markalı benzinin topdansatış qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 670 manat, A-95 markalı benzinin qiyməti 736 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, yanvar-avqustda Azərbaycanın "Azpetrol" şirkəti realizə edilməsi üçün təxminən 321,3 min ton, "LUKoil" 104,15 min tona yaxın, "SOCAR Petroleum" şirkəti isə 131,4 min ton avtomobil benzini alıb.

Yanvar-avqustda daxili bazarda 572 min ton dizel yanacağı satılıb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 15,4 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 485 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, "Azpetol" bu həcmdən 140 min ton, "LUKoil" təxminən 63,5 min tona yaxın alıb. Bu dövrdə "SOCAR Petroleum" şirkətinə 83 min tona yaxın dizel yanacağı göndərilib.

Hazırda "Azpetrol" şirkəti Azərbaycanda 70 yanacaqdoldurma məntəqəsinə (YDM) malikdir, onlardan 66-sı benzindoldurma, 4-ü qazdoldurma stansiyasıdır. Yanacağın keyfiyyətinin yaxşılaşdırılması, yanacaqdoldurma məntəqələrinin fasiləsiz işinin təmin olunması və müştərilərə göstərilən xidmətin yaxşılaşdırılması məqsədilə 1999-cu ildə beynəlxalq standartlara cavab verən, ümumi tutumu 7 min ton olan neft bazası və avtopark istismara verilib. Hazırda "Azpetrol"un avtoparkında şirkətin YDM-i yanacaqla təmin edən tutumu 17  tondan 42 tonadək olan 110 benzindaşıyan avtomobil var. Ölkədəki YDM-lərin təxminən 15 faizi "Azpetrol"a məxsusdur, şirkətin bazarın müvafiq sektorunda payı 50%-dən artıqdır.

Yanvar-avqustda daxili bazarda 160,5 min ton yanacaq mazutu reallaşdırılıb ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 29 faiz azdır. Cari ilin yanvar-avqustunda Azərbaycanın daxili bazarında 1 ton M-40 mazutun qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 100 manat olub.

Bu dövrdə 317 min ton aviasiya kerosini satılıb ki, bu da 2009-cu ilin eyni dövründəki göstəricidən 31,5 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton aviasiya kerosininin qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 307 manatdır.

Yanvar-avqustda daxili bazarda 141 min ton neft bitumu satılıb. Bu, 2009-cu ilin analoji dövr göstəricisindən 5 faiz çoxdur. Azərbaycanın daxili bazarında BN 60/90 markalı bitumun 1 tonunun (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) qiyməti 160 manatdır.

Yanvar-avqustda daxili bazarda 51,5 min ton mayeləşdirilmiş neft qazı (LPG) satılıb ki, bu da 2009-cu ilin yanvar-avqustundan 16,4 faiz azdır.

Daxili bazarda 510,7 min ton həcmində digər neft məhsulları satılıb ki, bu da 2009-cu ilin yanvar-avqustundan 8 faiz azdır.

Xəbər lenti

Xəbər lenti