Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.İsmayılov/
Meksika körfəzindəki "Deepwater Horizon" platformasında baş vermiş qəza kimi halların və onların mənfi nəticələrinin qarşısının alınması üçün ARDNŞ "Quruda və dənizdə neft və qaz hasilatı sahəsində neft sızmalarının qarşısının alınması və onların nəticələrinin ləğv edilməsi üçün qabaqlayıcı tədbirlər" treninqi keçirəcək.
ARDNŞ-nin (Azərbaycan Dövlət Neft Şirkəti) Sosial İnkişaf İdarəsi təhsil və Sertifikatlaşdırma Departamentinin rəhbəri Asif Bəkirlinin rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyildiyi kimi, treninqin bu ilin oktyabrında departament tərəfindən keçirilməsi planlaşdırılır.
Bəkirlinin sözlərinə görə, hətta müasir texnika və texnologiyaların tətbiqi zamanı təhlükəsizlik tədbirləri daim gücləndirilməli, potensial risklər qiymətləndirilməli və düzgün idarə olunmalıdır.
ABŞ sahillərində neft qəzası bu il aprelin 20-də "Deepwater Horizon" platformasında metan qazının partlaması nəticəsində baş verib. Nəticədə, platformanın 11 işçisi həlak olub. Qəzadan iki gün sonra platforma batıb, 1,5 metr dərinlikdə zədələnmiş quyudan neft axmağa başlayıb. ABŞ hökuməti ekspertlərinin məlumatına görə, ekoloji sistem dənizə sızan neftin 74 faizə yaxınının suyun üzündən yığılması yolu ilə təmizlənib.
Son məlumatlara görə, Britaniyanın "bp Plc." şirkətinə qəza ilə bağlı dəyən ziyanın məbləği 8 milyard dollara çatıb.