...

Prezident İlham Əliyev Ordubadda Biləv Su Elektrik Stansiyasının açılışında iştirak edib

Energetika Materials 5 Oktyabr 2010 21:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində oktyabrın 5-də Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev Ordubadda Biləv Su Elektrik Stansiyasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində oktyabrın 5-də Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı əvvəlcə tənzimləyici bəndə və su anbarına baxdı.

Məlumat verildi ki, stansiyanın inşasına 2009-cu ilin martında başlanılmışdır. İnşaat işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirilməsi üçün maksimum səy göstərilmişdir.

Stansiya ilin bütün fəsillərində bol suyu olan Gilançaydan qidalanır. Su əvvəlcə tənzimləyici bəndə yığılır. Burada suyun toplanması üçün sahəsi 5,15 hektar olan süni göl yaradılmışdır. Göldəki bəndlərin eni 159 metrdir, hündürlüyü isə 7,3 metrlə 9,5 metr arasında dəyişir. Gölün suyun tutumu 250 min kubmetrdir. Buradan su açıq və qapalı kanallarla sutəmizləyici anbara ötürülür. Üçsıralı anbar 8200 kubmetr su tutur. Burada su bərk əşyalardan təmizlənir və anbara ötürülür. Anbarın su tutumu 34 min kubmetrdir.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bu anbardan su poladdan hazırlanan və uzunluğu 1540 metr olan təzyiq borusu ilə stansiya binasına verilir. Suyun təzyiqi 24 atmosferə bərabərdir. Tənzimləyici bənddən anbara qədər su ötürülən açıq kanalların ümumi uzunluğu 9091 metrə yaxındır. Ərazidəki qapalı kanalların ümumi uzunluğu isə 200 metrdən çoxdur. Burada hər birinin diametri 2,4 metr, uzunluğu təxminən 175 metr və 573 metrə yaxın 2 sifon quraşdırılmışdır. Bu sifonlardakı suyun təzyiqi 3,2 və 6,4 atmosfer təşkil edir.

Sonra Prezident İlham Əliyev stansiya binasının olduğu əraziyə gəldi. Muxtar respublika ictimaiyyətinin nümayəndələri, energetiklər və inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev stansiyanın maketinə və şəkillərinə baxdı. Diqqətə çatdırıldı ki, stansiya binası bütün zəruri avadanlıqla təchiz edilmişdir. Burada Avstriya şirkətinin hazırladığı 2 turbin quraşdırılmışdır. Bundan başqa, stansiyada 2 generator vardır. Stansiyanın nominal gücü 20 meqavat, maksimal gücü isə 22 meqavatdır. Stansiyada istehsal edilən enerji yarımstansiyaya ötürülür. Yarımstansiyada hər birinin gücü 25 meqavoltamper olan iki transformator quraşdırılmışdır. Yarımstansiyanın gərginliyi 110/35/10 kilovoltdur. Burada şəbəkəyə iki qoşulma xətti vardır. Onların hər birinin uzunluğu 8,5 kilometr, gərginliyi isə 110 kilovoltdur. Biləv Su Elektrik Stansiyasında nəzərdə tutulan orta illik enerji istehsalı 80 milyon kilovatsaatdır. Stansiyanın həyətində də geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır. Ərazidə əsaslı bəndbərkitmə işləri də aparılmışdır. Stansıyanın tikinti işləri zamanı Biləv kəndinə gedən 20 kilometrlik yol da əsaslı şəkildə yenidən qurulmuşdur.

Dövlətimizin başçısı stansiyanı işə saldı.

Stansiyanın açılışı münasibətilə keçirilən mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada həyata keçirilən layihələr, sosial-iqtisadi inkişaf haqqında danışdı.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Sonra xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti