Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycanın böyük qazkondensat yatağı "Şah Dənizin"-in işlənməsi üzrə tərəfdaşlar 2011-ci ilin ortalarında layihənin ikinci mərhələsində qazın satışı üzrə müqavilələr imzalamağı planlaşdırırlar. Bu barədə şənbə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, hazırda yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qazın tranziti və ildə 6 milyard kubmetr həcmdə yanacağın alqı-satqısı üzrə Türkiyə tərəfi ilə müqavilələrin hazırlanması üzrə iş aparılır.
"Həmçinin, ildə 10 milyard kubmetr həcmində qazın satışı üzrə Avropa istehlakçıları ilə danışıqlar davam etdirilir", - Abdullayev deyib.
"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, "Statoil" - 25,5 faiz, NICO - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.
Almaniyanın RWE şirkətinin proqnozlarına görə, "Şah Dəniz" konsorsiumu 2011-ci ilin birinci mərhələsində yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz alıcılarını elan edəcək. Yanacaq alıcıları hazırlanmış qısa siyahı əsasında seçiləcək. RWE şirkətinin də daxil olduğu "Nabukko" qaz kəməri layihəsinin iştirakçıları boru kəmərinin doldurulması üçün Azərbaycan və İraqdan xeyli həcmdə qaz alacaqlarına ümid edirlər.
Proqnozlara əsasən, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində burada qaz hasilatının ildə 25 milyard kubmetrədək artırılacağı gözlənilir. Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində ilk qaz 2016-cı ilin sonu - 2017-ci ilin əvvəllərində alınacaq.