...

ARDNŞ "Ümid" yatağında ikinci kəşfiyyat quyusunun qazılmasına başlanılacağı vaxtı açıqlayıb

Energetika Materials 30 Noyabr 2010 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2011-ci ilin ortalarında Xəzərin Azərbaycan sektorundakı "Ümid" iri qaz yatağında ikinci kəşfiyyat quyusunun qazılmasına başlamağı planlaşdırır. Bu barədə çərşənbə axşamı ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bəyan edib.

Onun sözlərinə görə, ikinci quyunun qazılması zamanı yatağın birinci quyunun qazılması prosesində aşkara çıxan bütün xüsusiyyətləri dəqiqləşdiriləcək.

"İkinci quyunun qazılmasına hazırlığa bir neçə ay sərf olunacaq. İkinci quyu həm yeddinci, həm də səkkizinci məhsuldar laydan qazıla bilər", - Yusifzadə bildirib.

ARDNŞ "Ümid" yatağında 200 milyard kubmetr qaz və 30-40 milyon ton kondensatın olduğunu bəyan edir.

Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağı Bakının 75 kilometrliyində, qurudan 40 kilometr uzaqlıqda yerləşir. Burada 1953-cü ildə ilk dəfə geofiziki işlər aparılıb. Bu işlər 1972-ci ildə daha təkmilləşdirilmiş şəkildə yenidən həyata keçirilib. Daha sonralar, 1977-ci ildən 1992-ci ilədək doqquz quyu qazılsa da, onlardan heç biri nəticə verməyib.

Xəbər lenti

Xəbər lenti