...

ARDNŞ Xəzərdəki yataqda nadir konstruksiya tətbiq edib

Energetika Materials 6 Dekabr 2010 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

"SOCAR-AQŞ" MMC ətraf mühitin mühafizəsi məqsədilə Xəzərdəki "Günəşli" yatağında yerləşən "Günəşli-11" platformasında rotoraltı vanna nadir konstruksiyasını tətbiq edib. Bu barədə SOCAR-AQŞ şirkətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, SOCAR-AQŞ tərəfindən qazma əməliyyatları həyata keçirilərkən ətraf mühitin çirkləndirilməməsinə xüsusi diqqət yetirilir və bununla əlaqədar yeni konstruksiyanın layihələndirilməsi, quraşdırılması və sınaqdan keçirilməsi həyata keçirilib.

Məlumatda bildirilir ki, yeni konstruksiya ümidləri doğruldub və hazırda uğurla tətbiq edilir.

"SOCAR-AQŞ" şirkətinin əsası 2007-ci ildə qoyulub. Müəssisənin əsas fəaliyyət sahəsi müasir texnika və texnologiyalardan istifadə edərək neft və qaz quyularının, o cümlədən maili və xüsusi quyuların qazılması, sementlənməsi, bərkidilməsi, mənimsənilməsi, quyuların əsaslı və yeraltı təmiri, yan lülələrin qazılması, quyularda geofiziki tədqiqat və perforasiya işlərinin aparılması ilə bağlı mal, iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

MMC Xəzərdə neft və qaz quyularının qazılması üzrə işlər aparır. Hazırda şirkət üç qazma qurğusu ilə iki dərinsulu stasionar platformada yerləşən neft və qaz quyularının qazılması və tikintisini həyata keçirir. İşlər ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin sifarişi ilə aparılır. Qazma işləri "Günəşli" yatağındakı 11 və 13 saylı platformalarda həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti