...

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqli artıb

Energetika Materials 16 Dekabr 2010 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 34,2 milyon ton neft nəql edilib. Ötən ilin analoji dövründə bu rəqəm 33,4 milyon tona yaxın təşkil edib. Bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü yayılan məlumatında deyilir. Bu il dekabrın 1-nə olan məlumata görə, neft kəmərinin işə başladığı vaxtdan BTC ilə 140,8 milyon ton neft nəql olunub.

Məlumatda deyildiyi kimi, noyabrda BTC vasitəsilə 3 milyon tona yaxın Azərbaycan nefti nəql olunub.

Yanvar-noyabrda Türkiyənin Ceyhan limanından dünya bazarlarına 34,1 milyon tona yaxın neft göndərilib. Ötən ilin analoji dövründə bu rəqəm 33,5 milyon ton olub. 2010-cu il dekabrın 1-nə olan məlumata görə, BTC-nin işə başladığı vaxtdan etibarən onunla 138,7 milyon ton neft nəql edilib.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.

BTC-nin tikintisi dörd milyard dollara başa gəlib. Bu, inşaat işlərinə, boru kəmərinin doldurulmasına çəkilən xərclər və maliyyə xərcləridir. Bank faizlərinin ödənilməsi bura daxil deyil. Maliyyə kreditinin ümumi həcmi 2,6 milyard dollar təşkil edir.

BTC-nin səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), "Chevron" ( 8,90 faiz), "Statoil" (8,71 faiz), TPAO (6, 53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), "Itochu" (3,40 faiz), "Inpex" (2,50 faiz), "ConocoPhilips" (2,50 faiz) və "Hess" (2,36 faiz) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti