...

"Nabukko" konsorsiumu "Cənub axını" ilə birləşmə məsələsini nəzərdə tutmur

Energetika Materials 11 Yanvar 2011 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir А.Bədəlova/

Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qaz nəqlinə yönəldilmiş "Nabukko" qaz kəməri layihəsi konsorsiumu Rusiyanın "Cənub axını" layihəsi ilə birləşmə məsələsini nəzərdə tutmur. Bu barədə Trend-ə elektron poçt vasitəsilə "Nabukko" layihəsinin rəsmi nümayəndəsi Kristian Dolezal bildirib.

"Konsorsium bu məsələyə baxmır. "Nabukko" öz-özlüyündə rəqabət qabiliyyətli layihədir", - Dolezal deyib.

ABŞ-ın İtaliyadakı səfiri Devid Torn bu həftə İtaliyanın "La Stampa" qəzetinə verdiyi müsahibədə "Nabukko" və "Cənub axını" layihələrinin birləşmə imkanlarını bəyan edib.

İtaliyanın "Eni" şirkətinin prezidenti Paolo Skaroninin sözlərinə istinad edərək Torn deyib ki, Rusiyanın "Qazprom" şirkəti ilə birlikdə "Cənub axını" layihəsinin səhmdarı olan şirkət bu addımı dəstəkləyib.

Avropa Komissiyasının nümayəndəsi öz növbəsində hazırda bu iki layihənin birləşməsi ilə bağlı heç bir danışığın olmadığını bəyan edib. Onun sözlərinə görə, "Nabukko" Avropa İttifaqı üçün "Azərbaycan qazını birbaşa əldə etmək üçün prioritet layihə"dir.

Azərbaycan İraq ilə birlikdə "Nabukko" layihəsinin həyata keçirilməsinin birinci mərhələsində əsas qaz nəqliyyatçısı kimi nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2012-ci ilə təyin edilib. İlk tədarüklərə 2015-ci ildə start veriləcək. Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər - 16,67 faiz paya malikdir.

"Cənub axını" layihəsi Avropaya yeni qaz nəqli marşrutunun yaradılmasını nəzərdə tutur. Onu İtaliyanın "Eni" şirkəti və "Qazprom" həyata keçirirlər. Onlar 2007-ci il iyunun 23-də dəniz qaz kəmərinin tikintisi haqqında saziş imzalayıblar.

"Cənub axını" layihəsinin dəniz hissəsinin Qara dənizin dibi ilə Rusiya ("Bereqovaya" kompressor stansiyası) sahillərindən Bolqarıstan sahillərinədək uzanması planlaşdırılır. Qaz kəmərinin Qara dəniz hissəsinin ümumi uzunluğu 900 kilometrə yaxın, maksimum dərinliyi isə 2 min kilometrdən artıq təşkil edir.

Plana görə, qaz kəməri 2014-cü ildə istismara veriləcək. Onun buraxılış qabiliyyəti ildə 63 milyard kubmetr təşkil etməlidir. Layihəyə qoyulan investisiyaların ümumi həcmi 25 milyard avro dəyərində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti