Azərbaycan, Bakı, 7 fevral/Trend, müxbir A.Bədəlova/
"Bolqarıstan Qara dəniz, Xəzər regionu və Yaxın Şərq ölkələri ilə enerji sahəsində danışıqlar prosesində fəal oyunçu olmalıdır. Avropa ölkələrindən heç biri bu regionların ölkələrinə münasibətdə fəal siyasət aparımır". Bu barədə Bolqarıstan KİV-də yerləşdirilən məqaləsində Bolqarıstan Prezidenti Georgi Pırvanov yazır.
"Bolqarıstan oturub gözləməməlidir, o, Qara dəniz, Xəzər regionu və Yaxın Şərq regionun ölkələri ilə danışıqlarda fəal faktor, etibarlı tərəfdaş olmalıdır. Avropa ölkələrindən heç biri bu regionların ölkələrinə münasibətdə fəal siyasət aparımır", - Pırvanov qeyd edib.
"Nabukko" qaz kəməri layihəsinin Avropa İttifaqı üçün xüsusi prioritet olduğunu qəbul edərək, Bolqarıstan Prezidenti təkid edir ki, Rusiyanın "Cənub axını" layihəsi Aİ-nin planlarında müvafiq yer tutmalıdır.
Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2012-ci ilə təyin edilib. İlk tədarüklərə 2015-ci ildə start veriləcək.
"Nabukko" qaz kəmərinin tikintisi iki əsas fazanın gedişində həyata keçiriləcək. Tikintinin birinci fazasına (2011-ci il) Türkiyə sərhədindən başlayaraq Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci fazaya (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Gürcüstan, eləcə də Türkiyə ilə İraq arasında yerdə qalan hissəsinin tikintisi daxildir.
"Nabukko" qaz kəmərinin uzunluğu 2730 kilometr olan birinci hissəsinin tikintisinə Ankaranın (Türkiyə) cənub hissəsindən başlanacaq və qərb istiqamətində Mərkəzi Anadolu və Mərmərə dənizindən keçərək Bolqarıstan sərhədinədək uzanacaq. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək.
Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.
"Cənub axını" layihəsinin dəniz hissəsinin Qara dənizin dibi ilə Rusiya ("Bereqovaya" kompressor stansiyası) sahillərindən Bolqarıstan sahillərinədək uzanması planlaşdırılır. Qaz kəmərinin Qara dəniz hissəsinin ümumi uzunluğu 900 kilometrə yaxın, maksimum dərinliyi isə 2 min kilometrdən artıq təşkil edir.
Plana görə, qaz kəməri 2014-cü ildə istismara veriləcək. Onun buraxılış qabiliyyəti ildə 63 milyard kubmetr təşkil etməlidir. Layihəyə qoyulan investisiyaların ümumi həcmi 25 milyard avro dəyərində qiymətləndirilir.