Azərbaycan, Bakı, 25 fevral /Trend/
"Ekol Mühəndislik Xidmətləri" QSC 2011-ci ildə "Balaxanıneft" NQÇİ-nin balansında olan 2 mədən sahəsində rekultivasiya və bioremediasiya üzrə işlər həyata keçirəcək. Trend-in məlumatına görə, bu barədə QSC-nin rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir. Layihəyə 23,7 hektar neftlə çirklənmiş sahələr daxildir.
Məlumatda deyildiyinə görə, monitorinq nəticəsində müəyyən edilib ki, ərazidə 124,9 min kubmetrdən çox müxtəlif dərəcəli çirklənmə parametrlərinə malik neftşlam, 70,3 min kubmetrdən çox mədən axıntı suları mövcuddur. Çirklənmə parametrlərindən asılı olaraq 98,7 min kubmetr neftşlamın bioremediasiya sahəsinə daşınaraq utilizasiya olunması nəzərdə tutulub.
Həyata keçiriləcək bu ekoloji layihə ərazidəki yaşayış məntəqələrini çirklənmə mənbələrindən azad etməklə yanaşı, ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına da öz müsbət təsirini göstərəcək.
2006-cı il martın 1-də Abşeron yarımadasında mövcud olan ekoloji problemlərin həlli üçün yaradılan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həmtəsisçiləri ARDNŞ (51 faiz) və "Lancer S.A. Services"dir (49 faiz).