...

ARDNŞ yeni layihənin təqdimatına hazırlaşır

Energetika Materials 7 Mart 2011 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.İsmayılov/

Martın sonlarınadək ABŞ-ın MI-LLC şirkəti ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tullantıların utilizasiyası mərkəzinin yenidən qurulması üzrə layihənin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasını başa çatdırır. Bu barədə bazar ertəsi ARDNŞ-dəki mənbə məlumat verib.

"Bu sənədin hazırlanması tamamlanma mərhələsindədir, bu ayın sonunadək tam başa çatacağını gözləyirik", - mənbə bildirib.

Onun sözlərinə görə, işlərin başa çatmasından sonra layihənin əhəmiyyətinin qiymətləndirilməsi və investisiya qərarının qəbul edilməsi üçün vacib olan təqdimat keçiriləcək.

"Təqdimat bu layihənin hansı investisiya proqramına daxil edilməsinin müəyyənləşdirilməsi üçün vacibdir", - mənbə bildirib.

Tullantıların utilizasiyası üzrə yeni mərkəz hələ sovet dövründən qalmış və neft şlamının saxlanması üçün nəzərdə tutulan köhnə mərkəz əsasında yaradılacaq. O, neft şlamı, bərk məişət və sənaye tullantılarının 62-yə yaxın növünün təkrar emalı üçün nəzərdə tutulub.

MI-LLC şirkəti ilə ARDNŞ arasında tullantıların utilizasiyası üzrə mərkəzin yenidən qurulması üçün TİƏ hazırlanmasına dair müqavilə ötən il mayın 20-də imzalanıb. TİƏ hazırlanması çərçivəsində ARDNŞ-nin müəssisələrinin fəaliyyəti nəticəsində yaranan tullantıların həcmindən asılı olaraq müvafiq emal texnologiyalarının seçiminə də baxılıb.

İşlər ARDNŞ ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanan 572 min dollar həcmində qrant sazişi çərçivəsində həyata keçirilir. Saziş ötən il avqustun 13 -də imzalanıb.

Xəbər lenti

Xəbər lenti