...

Yanvar-martda Azərbaycanda 12 milyon ton neft və kondensat hasil edilib

Energetika Materials 14 Aprel 2011 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend/

2011-ci ilin yanvar-martında Azərbaycanda 12,04 milyon tona yaxın neft və qaz-kondensat hasil edilib. Bu, 2010-cu ilin analoji dövr göstəricisindən 1,8 faiz azdır. Bu barədə cümə axşamı Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar-martda hasil edilən neftin ümumi həcmindən 10,26 milyon ton özəl sektorun payına düşür ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 1,9 faiz azdır. Birinci rübdə dövlət sektorunun payına 1,78 milyon ton neft düşüb ki, bu da ötən ilin müvafiq dövründəkindən 1,6 faiz azdır.

2010-cu ildə ümumilikdə Azərbaycanda 50,83 milyon ton neft hasil edilib.

Ötən il hasilatın əsas həcmi xarici tərəfdaşlarla birgə işlənilən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun və "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.

Yanvar-martda Azərbaycanda qaz hasilatı 6,33 milyard kubmetr təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövr göstəricisindən 3 faiz azdır. Birinci rübdə 4 milyard kubmetrə yaxın əmtəə qazı hasil edilib. Bu göstərici ötən ilin müvafiq dövründəkindən 9,4 faiz azdır. Hasil olunan əmtəə qazının ümumi həcmindən 2,4 milyard kubmetrdən çox özəl sektorun, 1,57 milyard kubmetrə yaxını dövlət sektorunun payına düşür.

Ötən il respublikada 26,23 milyard kubmetr qaz hasil edilib. Bunun 16,67 milyardı əmtəə qazının payına düşüb.

Yanvar-martda Azərbaycanda 5,63 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu, 2010-cu ilin yanvar-martındakı göstəricidən 5,4 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti