...

"Deloitte" Azərbaycanın elektrik enerjisi operatorunun maliyyə fəaliyyətini müsbət qiymətləndirib

Energetika Materials 13 May 2011 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın elektrik enerjisi operatoru "Azərenerji" ASC fəaliyyətinin təkmilləşdirilməsi üzrə əhəmiyyətli addımlar atır və tərəfdaşlarla əlaqələri genişləndirir.

Bu yaxınlarda ASC Nazirlər Kabineti, nazirliklər, beynəlxalq maliyyə təşkilatları, xarici kommersiya bankları və beynəlxalq auditor şirkətlərinin nümayəndələri üçün öz fəaliyyətinin və aparılan islahatların təqdimatını keçirib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Azərenerji"dən bildirilib.

Şirkətin uzunmüddətli və davamlı inkişaf strategiyası çərçivəsində ASC-də struktur dəyişiklikləri edilir. Bununla əlaqədar yeni strukturlar yaradılıb. Hazırda şirkətin satış sisteminin və maliyyə uçotunun gücləndirilməsi məqsədilə müasir ödəniş sisteminin yaradılması və idarəetmə sisteminin avtomatlaşdırılması üzrə kompleks tədbirlər də aparılır.

"Energetika sektoru Azərbaycan hökuməti üçün prioritet sahələrdən biri olduğuna görə, ona iri investisiyalar cəlb edilib. İnvestisiyaların xeyli hissəsi yeni elektrik stansiyalarının tikintisinə və generasiya gücünün yenilənməsinə yönəldilib. Aparılan işlər ölkədə enerji təchizatını yaxşılaşdırmağa və "Azərenerji"ni generasiya gücünə görə MDB-də ən müasir avadanlıqla təchiz olunmuş şirkətə çevirməyə imkan verib", - ASC-dən bildirilib.

"Deloitte" beynəlxalq auditor şirkəti "Azərenerji"nin maliyyə fəaliyyətinin auditi zamanı müsbət rəy verib. Audit qısa müddət ərzində, beynəlxalq maliyyə hesabatları standartlarına (IFRS) uyğun aparılıb", - ASC-dən qeyd edilib.

Son illər şirkətin məcmu kapitalı artıb və 1,4 milyard manata çatıb.

İnvestisiyalardan başqa, ASC ölkənin energetika sektoru üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün də kreditlər cəlb edib. Auditi aparılmış maliyyə hesabatına əsasən, 2010-cu ilin sonuna olan vəziyyətə görə, "Azərenerji" ASC-nin cəlb etdiyi kreditlərin ümumi həcmi 1,7 milyard manat təşkil edir. Bu məbləğin təxminən 80 faizə yaxını dövlət zəmanəti ilə cəlb edilən uzunmüddətli kreditlərin payına düşür. Kreditlərin uzunmüddətə cəlb edilməsi (10-40 il) ilə əlaqədar olaraq, onların ödənilməsi şirkətin indiki maliyyə vəziyyətinə ciddi təsir göstərmir.

"Azərenerji"nin fəaliyyəti ötürücü və paylayıcı şəbəkələrdə itki səviyyəsinin azaldılmasından da ibarətdir. Bununla bağlı şirkət istifadəsində olan köhnəlmiş infrastrukturu yenilədir. Bu məqsədlə beynəlxalq maliyyə institutlarından (AİB kimi) uzunmüddətli kredit resursları cəlb edilir, gələcəkdə isə avroistiqrazların buraxılması da planlaşdırılır.

"Azərenerji" ASC xarici ölkələrlə ixrac əməliyyatlarını da genişləndirir. Son 5 ildə şirkət xalis ixracatçıya çevrilib. 2012-ci ilin ortalarına elektrik enerjisinin Türkiyə vasitəsilə Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi çərçivəsində Avropaya ixracı nəzərdə tutulub. Elektrik enerjisinin ixracının genişləndirilməsi şirkətin mövqeyinin xeyli güclənməsinə səbəb olacaq, - ASC-dən deyiblər.

Mayın 13-nə olan rəsmi məzənnə 0,7908 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti