Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.İsmayılov/
2011-ci ilin birinci rübündə Britaniyanın BP şirkəti operatoru olduğu "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları blokunda 9,6 milyon ton (70,74 milyon barel) neft hasil edib. Trend-in məlumatına görə, bu barədə BP-nin rəsmi hesabatında deyilir.
Yanvar-martda bu yataqlar blokundan orta sutkalıq neft hasilatı 785,5 min barel təşkil edib.
2010-cu ildə BP AÇG-dən 40,6 milyon ton (300,4 milyon barel) neft hasil edib. 2009-cu ildə bu rəqəm 40,3 milyon ton dan çox olub.
Bu il AÇG üzrə əməliyyat xərcləri 628 milyon dollar, kapital xərcləri isə 1,998 milyard dollar səviyyəsində planlaşdırılır.
Yanvar-martda layihə çərçivəsində əməliyyat xərcləri 140,6 milyon dollar, kapital xərcləri isə 419 milyon dollar təşkil edib.
Ötən il AÇG layihəsi üzrə istismar xərcləri 426 milyon dollar, kapital xərcləri isə 1,648 milyard dollar həcmində olub.
"Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi üzrə layihənin iştirakçıları BP (operator, 37,43 faiz iştirak payı), Chevron (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), Statoil (8,56 faiz), Exxon (8 faiz), TPAO (6,75 faiz), Itochu (4,3 faiz), Hess şirkətidir (2,72 faiz).