...

1995-ci ildən Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar 97 milyard dollar təşkil edir - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB-2)(FOTO)

Energetika Materials 7 İyun 2011 21:40 (UTC +04:00)
1995-ci ildən Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 97 milyard dollar təşkil edir, bunun 42 milyard dolları neft-qaz sektorunun payına düşür. Bu sərmayələrin böyük hissəsi xarici investisiyalardır.
1995-ci ildən Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar 97 milyard dollar təşkil edir - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB-2)(FOTO)

Şəkillər əlavə olunub (ilk xəbər saat 11:49-da yayılıb)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir S.Əliyev/

Bu gün Bakıda Xəzəryanı regionun neft-qaz sahəsində böyük tədbiri - 18-ci Beynəlxalq "Xəzər Neft və Qaz, Neft Emalı və Neft-Kimya" sərgi və konfransı öz işinə başlayıb. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Prezident İlham Əliyev sərginin açılışında çıxış edib. O, öz çıxışında bildirib ki, 1995-ci ildən Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 97 milyard dollar təşkil edir, bunun 42 milyard dolları neft-qaz sektorunun payına düşür və bu investisiyaların böyük hissəsi xarici investisiyalardır.

Prezidentin sözlərinə görə, bu gün Azərbaycan enerji təhlükəsizliyini təmin edir, digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu gücləndirir.

Dövlət başçısı deyib ki, Azərbaycan ilə xarici şirkətlər arasında heç vaxt heç bir problem olmayıb, müqavilələrə heç vaxt yenidən baxılmayıb.

"Ölkə inam qazanıb, investisiyalar dövlət tərəfindən müdafiə olunur və bu məsələdə bizim siyasətimiz dəyişməzdir", - İlham Əliyev bildirib.

Prezidentin sözlərinə görə, bu gün Azərbaycan öz ixracını qaz amilinə yönəldir, neft emalında isə mövcud həcmlərin saxlanması gözlənilir.

"Bizə qanunvericiliklə tənzimlənən və Azərbaycan qazına tələbatın olduğu yeni böyük bazarlar lazımdır", - dövlət başçısı bildirib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın sübut edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir, ölkənin valyuta ehtiyatları 35 milyard dollardır, dövlətin ÜDM-i yeddi il ərzində üçqat artıb.

Azərbaycan Prezidenti qeyd edib ki, "Əsrin müqaviləsi" çərçivəsində yeni investisiyaların cəlb edilməsi ilk təkan olub. Bundan sonra Azərbaycan neftinin beynəlxalq bazarlara çıxarılması üçün böyük addımlar atılıb. "Həyata keçirilən çox mühüm işlər sırasında neft kəmərlərinin tikintisi layihələrini xüsusilə qeyd etmək istərdim", - İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, hazırda Azərbaycan nefti dünya bazarlarına üç istiqamət üzrə çatdırılır. "Azərbaycan bu sahədə müxtəlif istiqamətlərə nail olub və bu gün ölkənin üç istiqamət üzrə çox etibarlı marşrutlarla nəql edilən nefti dünya bazarına çıxarılır", - dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan boru kəməri yeni marşrut və yeni dəhliz açıb. Onunla Xəzər nefti ilk dəfə olaraq Aralıq dənizinə çatdırılıb.

"O zaman regiondakı mürəkkəb siyasi vəziyyətə baxmayaraq, investorlar böyük vəsaitlər cəlb ediblər, beynəlxalq maliyyə institutları dəstək veriblər və Azərbaycan tərəfi öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirib", - Azərbaycanın dövlət başçısı vurğulayıb.

"Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istismara verilməsi nəticəsində Azərbaycan nəinki yeni bazara çıxa bildi, eyni zamanda, ölkə iqtisadiyyatına böyük vəsaitlər daxil olmağa başladı və biz bu vəsaitlərdən çox səmərəli istifadə etdik", - İlham Əliyev vurğulayıb.

Prezidentin sözlərinə görə, 1999-cu ilin sonunda yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) fəaliyyəti bu gün çox yüksək səviyyədədir. Bu, ən şəffaf təşkilatlardan biridir. Fondun fəaliyyəti müxtəlif beynəlxalq təşkilatlar və BMT tərəfindən yüksək qiymətləndirilir.

"Bu, çox şəffaf strukturdur. O, bizə əldə edilən vəsaitlərdən səmərəli və ədalətli istifadə etmək imkanı verib. Məhz bunun nəticəsində son yeddi il ərzində ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizədək azalıb. Bizdə Neft Fondu kimi belə şəffaf struktur olmasaydı, biz bu nəticələrə nail ola bilməzdik", - dövlət başçısı əlavə edib.

Azərbaycan Prezidentinin sözlərinə görə, bu onu sübut edir ki, Azərbaycana daxil olan vəsaitlər ədalətli şəkildə bölüşdürülür, onların yığımı və xərclənməsi kifayət qədər şəffaf formada həyata keçirilir, bu isə eyni zamanda dünyada Azərbaycanın ümumi imicinə təsir göstərir.

Dövlət başçısının sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara verildikdən sonra müəyyən mərhələdə elə fikir yarana bilərdi ki, Azərbaycan artıq qarşısına qoyduğu bütün vəzifələri həll edib və bundan sonra əldə edilən gəlirlərin idarə edilməsi ilə məşğul olmalıdır və bununla da ölkə müxtəlifistiqamətli siyasət həyata keçirib və əldə edilən uğurlarla kifayətlənməlidir.

"Lakin bizim yanaşma tərzimiz tamamilə başqa cür oldu. Təkcə bu sahədə deyil, həm də digər sahələrdə əldə edilən uğurlar yalnız bir addım, bir pillə, bir mərhələdir. Biz həmişə gələcəyə baxırıq və öz addımlarımızı ölkənin uzunmüddətli uğurlu və sabit inkişafı üçün uzunmüddətli proqram çərçivəsində planlaşdırırıq", - Prezident İlham Əliyev bildirib.

Açılış mərasimindən sonra Azərbaycan Prezidenti sərginin pavilyonları ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti