Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.İsmayılov/
Yanvar-mayda "Azərbaycan Dəmir Yolları" QSC 4,5 milyon ton neft yükü nəql edib. Bu, 2010-cu ilin müvafiq dövründəki göstəricidən 10 faiz çoxdur. Bu barədə şənbə günü Trend-ə QSC-dəki mənbə məlumat verib.
2010-cu ildə QSC vasitəsilə 11,78 milyon ton neft yükü nəql olunub.
Onun sözlərinə görə, yanvar-mayda QSC 8,6 milyon ton yük nəql edib ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəricidən 10 faiz çoxdur.
"Yanvar-mayda neft yüklərinin nəqlində 10 faizlik artım müşahidə olunub. Bu dövr ərzində cəmi 4,5 milyon ton neft və neft məhsulları nəql olunub, yerdə qalan hissə isə digər yüklərin payına düşüb", - mənbə bildirib.
Azərbaycanın dəmiryolu ilə müntəzəm olaraq Qazaxıstan və Türkmənistandan, eləcə də Azərbaycandan neft yükləri nəql olunur. Neft və neft məhsulları dəmiryolla ARDNŞ-nin Kulevi neft terminalına və Gürcüstanın Qara dəniz limanları Poti və Batuminin neft terminallarına nəql edilir.
Azərbaycan dəmiryollarının ümumi uzunluğu 2929,4 kilometr təşkil edir ki, onun da 2099,7 kilometri istismar xarakterlidir. İstismarda olan dəmiryolun ümumi uzunluğundan 804,7 kilometr ikizolaqlı yoldur.
Həmçinin, istismarda olan dəmiryolun 1271,4 kilometri elektrikləşdirilib (60 faiz), 1650 kilometri isə avtomatlaşdırılmış siqnal sistemi ilə təchiz olunub.