Gürcüstan, Tbilisi, 12 sentyabr /Trend, N.Kirsxaliya/
"SOCAR Energy Georgia" (ARDNŞ-nin törəmə müəssisəsi) və "Qudvil" hipermarketlər şəbəkəsi Gürcüstanda əməkdaşlığa başlayır. Trend-in məlumatına görə, tərəflər bazar ertəsi əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Sənədi "SOCAR Energy Georgia" tərəfdən Mahir Məmmədov, "Qudvil" tərəfdən isə Qoqi Şevardnazde imzalayıb.
Tərəflər arasındakı saziş Qori-Tbilisi magistralı üzərindəki yanacaqdoldurma məntəqəsi və istirahət kompleksinin "Qudvil" tərəfindən supermarket və sürətli qidalanma obyekti ilə təmin olunmasını nəzərdə tutur.
Almaniyanın "Linde Ladenbau" şirkəti obyekti müasir avadanlıqlarla təchiz edəcək. Şirkətin nümayəndələri İnqo Mekbax və Tobias Yakob xüsusi qonaq kimi imzalama mərasimində iştirak ediblər.
Məmmədov jurnalistlərə bildirib ki, layihə əsas beynəlxalq nəqliyyat infrastrukturu və Gürcüstanın sürətli avtomagistral yollarının inkişafı məqsədilə həyata keçirilir. Tikinti işlərinin böyük hissəsi artıq başa çatıb.
Çoxfunksiyalı kompleks yanacaqdoldurma məntəqəsi, avtomobillərə texniki xidmət mərkəzi, istirahət zonası, ticarət mərkəzi, ictimai iaşə mərkəzi və açıq dayanacaqdan ibarət olacaq.