...

Türkiyə sabahdan Aralıq dənizində karbohidrogen kəşfiyyatına başlayacaq - nazir (ƏLAVƏ OLUNUB)

Energetika Materials 22 Sentyabr 2011 20:50 (UTC +04:00)

Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 20:17-də yayılıb)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin energetika naziri Taner Yıldız sabahdan etibarən Ankaranın Aralıq dənizində karbohidrogenlərin kəşfiyyatına başlayacağını bildirib. Trend-in məlumatına görə, bu barədə CNN Türk telekanalı xəbər verib.

Kipr Prezidenti Dimitris Xristofias sentyabrın 18-də bəyan edib ki, Kipr öz şelfində karbohidrogenlərin kəşfiyyatına başlayacaq.

Onun sözlərinə görə, bu fəaliyyət Kiprin suveren hüququdur və beynəlxalq qanunvericiliyə uyğun həyata keçiriləcək.

Sentyabrın 21-də Aralıq dənizindəki "Afrodita" platformasında ABŞ-ın "Noble Energy" şirkəti tərəfindən aparılan karbohidrogen axtarışları üzrə qazma işlərinin ilkin mərhələsi başa çatıb. Məlumatı "Zaman" qəzeti yazıb.

Yerli energetika şirkətinin rəhbəri Solon Kasinis bəyanat verib ki, qazma işlərinin ilkin mərhələsi 70-80 metr dərinlikdə aparılıb. Onun sözlərinə görə, şirkət 5800 metrə qədər dərinlikdə quyular qazmağa hazırlaşır ki, buna 73 gün vaxt lazımdır.

Türkiyə dəfələrlə bu işlərin aparılmasına öz qəti etirazını ifadə edib və Kiprin karbohidrogenlərin işlənməsi planlarından əl çəkməsini tələb edib.

Avropa İttifaqı Aralıq dənizinin şərqində qaz və neft kəşfiyyatı məsələsində Türkiyəni "hədələməkdən çəkinməyə" çağırıb.

Xəbər lenti

Xəbər lenti