...

Azərbaycan neft hasilatını artırmaq niyyətindədir

Energetika Materials 27 Sentyabr 2011 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.İsmayılov/

2012-ci ildə Azərbaycanda neft hasilatının həcmi 54,3 milyon ton səviyyəsində proqnozlaşdırılır. Trend-in məlumatına görə, bu barədə "Müstəqil Azərbaycan 20 ildə" milli sərgisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmi stendində yerləşdirilmiş proqnozlarda qeyd olunur.

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş sərgi çərşənbə axşamı "Baku Expo" sərgi mərkəzində keçirilir.

Bir müddət öncə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirmişdi ki, bu il neft hasilatının həcmi 46 milyon ton səviyyəsində proqnozlaşdırılır. Bundan əvvəl ARDNŞ-dən bildiriblər ki, Azərbaycanda neft hasilatının azalması "Azəri-Çıraq-Günəşli" blokunda qazma proqramının yenidən nəzərdən keçirilməsi və dəniz platformalarında qazma işlərinə daha əsaslı yanaşma ilə izah olunur. Ötən il bu göstərici 50 milyon tondan çox olub.

ARDNŞ-nin proqnozlarına əsasən, ölkədə 2012-ci ildə hasil ediləcək neftin ümumi həcminin 46 milyon tonu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), 8,3 milyon tonu isə ARDNŞ tərəfindən müstəqil olaraq hasil olunacaq.

2013-cü ildə ARDNŞ neft hasilatını 55 milyon ton səviyyəsində gözləyir ki, bunun 46,7 milyon tonu ABƏŞ, 8,3 milyon tonu isə ARDNŞ tərəfindən hasil olunacaq.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın pay bölgüsü haqqında saziş 1994-cü ildə imzalanıb. Layihənin iştirakçıları aşağıdakılardır: BP (operator - 35,83 faiz iştirak payı), "Chevron" (11,27 faiz), AzACG (11,6 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "Exxon" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Hess" (2,72 faiz).

Xəbər lenti

Xəbər lenti