Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin Böyük Britaniyanın energetika üzrə dövlət naziri Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycanda neft və qaz yataqlarının işlənməsi üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu barədə Trend-ə çərşənbə günü Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli deyib.
Tərəflər, xüsusilə, BP şirkətinin iştirak etdiyi "Şəfəq-Asiman" perspektiv dəniz blokunun kəşfiyyatı və işlənməsi layihəsini müzakirə ediblər.
Mənsimlinin sözlərinə görə, görüş zamanı Azərbaycanda yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin tikintisi layihəsi də nəzərdən keçirilib. Hendriyə bu sahədə Britaniya şirkətləri ilə əməkdaşlıq təklif olunub.
Həmçinin, alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub. Natiq Əliyevin dediyi kimi, hazırda respublikada bu növ enerjinin istehsalı üzrə 5,5 meqavatlıq gücə malik lahiyə işə salınıb. Britaniyalı nazirin sözlərinə görə, London hazırda irihəcmli proqram hazırlayır. Proqrama görə, ölkədə alternativ enerji istehsalı 2020-ci ildə ölkənin ümumi energetika balansının 15 faizini təşkil edəcək.
Hazırda Azərbaycan və Aİ enerji effektivliyinin artırılması üzrə birgə proqram həyata keçirirlər.
Nazir Əliyev deyib ki, Azərbaycan və Böyük Britaniya arasında neft-qaz sektorundakı əməkdaşlıq 1994-cü ildən uğurla davam edir. Həmçinin, o, əməkdaşlığın yeni prioritet və istiqamətlərini müəyyən etməyi və mövcud əlaqələrin genişləndirilməsini təklif edib.