...

Azərbaycan 2012-ci ildə neft və qaz hasilatının artacağını proqnozlaşdırır

Energetika Materials 12 Oktyabr 2011 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.İsmayılov/

Hökumətin proqnozlarına görə, 2012-ci ildə Azərbaycanda 46 milyon ton neft və 28,3 milyard kubmetr qaz hasil olunacaq. Bu barədə dünən Maliyyə Nazirliyinin rəsmi saytında dərc olunmuş Azərbaycanın 2012-ci il və sonrakı üç il üzrə dövlət və icmal büdcələrinin layihəsində deyilir.

Gözləntilərə görə, bu il ölkədə 45,6 milyon ton neft və 25,3 milyard kubmetr qaz hasil olunması planlaşdırılır. 2010-cu ildə bu göstərici müvafiq olaraq 50,8 milyon ton və 26,2 milyard kubmetr olub.

Bununla yanaşı, 2012-ci il üzrə dövlət büdcəsini layihəsində neftin bir barelinin qiyməti bu il olduğu kimi bir dolların 0,79 manat məzənnəsi ilə 80 dollar səviyyəsində nəzərdə tutulub.

Bundan əvvəl ARDNŞ-dən bildirilib ki, Azərbaycanda neft hasilatının azalması "Azəri-Çıraq-Günəşli" blokunda qazma proqramının yenidən nəzərdən keçirilməsi və dəniz platformalarında qazma işlərinə daha əsaslı yanaşma ilə izah olunur.

Bundan qabaq ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib ki, hasilatın azalma səbəblərindən biri 2008-ci ilin sonunda Mərkəzi Azəri platformasında baş vermiş qaz sızması ilə bağlı hasilatın dayandırılmasıdır. Onun sözlərinə görə, indiyədək müşahidə olunan qaz sızmasının səbəbi dəqiq müəyyən olunmayıb. Buna görə də bu blokda qazma proqramı yenidən nəzərdən keçirilib ki, bu da hasilat həcmində özünü biruzə verir.

Digər tərəfdən, ARDNŞ dəfələrlə qeyd edib ki, Azərbaycanda neft hasilatının optimal həcmi illik 50 milyon tondur.

Xəbər lenti

Xəbər lenti