...

Yanvar-sentyabrda BTC kəməri ilə 27 milyon ton neft ixrac olunub

Energetika Materials 19 Oktyabr 2011 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-sentyabrda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 26,9 milyon ton neft ixrac olunub. 2010-cu ilin analoji dövründə bu rəqəm 28,6 milyon ton olub. Bu barədə Trend-ə çərşənbə günü Dövlət Statistika Komitəsindən məlumat verilib.

2010-cu ilin yekunları üzrə BTC ilə nəql olunan neftin həcmi 38,3 milyon ton təşkil edib.

"Yanvar-sentyabrda Bakı-Tbilisi-Ceyhan neft kəmərinə ölkənin magistral neft kəmərləri ilə daşınan neftin 76,2 faizi düşüb", - DSK-dən bildirilib.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.

BTC-nin səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), "Chevron" (8,90 faiz), "Statoil" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), "Itochu" (3,40 faiz), "Inpex" (2,50 faiz), "ConocoPhilips" (2,50 faiz) və "Hess" (2,36 faiz) şirkətləridir.

Yanvar-sentyabrda Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 3,3 milyard kubmetr qaz ixrac olunub ki, ötən ilin analoji dövründə bu göstərici 4,1 milyard kubmetr təşkil edib.

2010-cu ilin yekunları üzrə Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 4,9 milyard kubmetr qaz nəql olunub.

Bakı-Tbilisi-Ərzurum kəmərinin uzunluğu 700 kilometrdən çoxdur. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağında hasil olunan qaz bu kəmər vasitəsilə nəql olunur və Gürcüstan vasitəsilə Türkiyəyə daşınır. Azərbaycan da qaz alıcısı qismində iştirak edir.

Xəbər lenti

Xəbər lenti