...

Azərbaycanda payız-qış mövsümünə keçidlə bağlı istehlakçıların qaza tələbatı artır

Energetika Materials 4 Noyabr 2011 13:45 (UTC +04:00)
Azərbaycanda payız-qış mövsümünə keçidlə bağlı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi ölkə ərazisində istehlakçılara qazın verilməsini artırıb.
Azərbaycanda payız-qış mövsümünə keçidlə bağlı istehlakçıların qaza tələbatı artır

Azərbaycan, Bakı, 4 noyabr / Trend, müxbir E.İsmayılov/

Azərbaycanda payız-qış mövsümünə keçidlə bağlı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi ölkə ərazisində istehlakçılara qazın verilməsini artırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü qaz təsərrüfatında təhlükəsizlik texnikasına həsr olunmuş mətbuat konfransında İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Tahir Kazımov bildirib.

Onun sözlərinə görə, oktyabrın 21-də ölkə ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar respublika ərazisində qazın verilişi 6,6 milyon kubmetrdən 7,08 milyon kubmetrədək artırılıb. O cümlədən Bakıda verilən qazın həcmi 3,99 milyon kubmetrdən 4,35 milyon kubmetrədək artırılıb.

"Noyabrın 15-də Azərbaycanda payız-qış mövsümünə keçid başlayacaq və bununla əlaqədar abunəçilərə qaz verilişi hava şəraitindən və tələbatın artmasından asılı olaraq, daha da artırılacaq", - o deyib.

Kazımovun sözlərinə görə, yanvar-sentyabrda İB-də 3 min kilometrdən artıq qaz xətti çəkilib, 971 kilometrlik qaz xəttində isə əsaslı təmir aparılıb. Həmçinin bu dövrdə 91 min ədədə yaxın qaz sayğacı quraşdırılıb ki, bunun 69051 ədədi smart-kart bazasında işləyən sayğacların payına düşür, yerdə qalan 21 886 ədəd isə mexaniki sayğaclardır.

Habelə bu ilin doqquz ayı ərzində 491 ədəd qaz tənzimləyicisi quraşdırılıb. Kazımovun sözlərinə görə, bu dövrdə ölkənin 34 rayonunda 103 yaşayış məntəqəsi qazla təmin olunub.

Xəbər lenti

Xəbər lenti