...

2011-ci ildə ARDNŞ magistral qaz kəmərlərində görülən işlərin həcmini xeyli genişləndirib

Energetika Materials 24 Noyabr 2011 20:55 (UTC +04:00)
2011-ci ildə ARDNŞ magistral qaz kəmərlərində görülən işlərin həcmini xeyli genişləndirib.
2011-ci ildə ARDNŞ magistral qaz kəmərlərində görülən işlərin həcmini xeyli genişləndirib

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

2011-ci ildə ARDNŞ magistral qaz kəmərlərində görülən işlərin həcmini xeyli genişləndirib.

Trend-in cümə axşamı ARDNŞ-nin saytına sitinadən yaydığı məlumata görə, "Azəriqaz" İB-nin istismarında ümumi uzunluğu 4350 kilometrə yaxın magistral qaz kəmərləri var. Həmin kəmərlər vasitəsilə qazın Rusiya və Gürcüstana ixracı həyata keçirilir, Naxçıvan Muxtar Respublikasını qazla təmin etmək məqsədilə İrana mübadilə qazı nəql olunur. Əhalinin və "Azenerji" ASC-nin fasiləsiz təbii qazla təminatı və yeraltı qaz anbarlarına qazın yüksək təzyiqlə vurulması və götürülməsi də həmin kəmərlər vasitəsilə həyata keçirilir.

Magistral qaz kəmərlərinin təhlükəsiz və dayanaqlı istismarı məqsədilə kəmərlərdə daim təmir-bərpa işləri aparılır. 2011-ci ilin ötən dövrü ərzində Birlik tərəfindən magistral qaz kəmərlərində görülən işlərin həcmi xeyli artıb. Belə ki, "Mozdok-Qazıməmməd" magistral qaz kəmərinin 286 və 338-ci kilometrlərində istismara yararsız vəziyyətə düşmüş 4 ədəd 300 mm-lik baypas kranları, 304-cü kilometrində yerləşən Əngilançay çay keçidində kəmərin 71, 370-ci kilometrində yerləşən Şabrançay çay keçidində isə 40 metrlik istismara yararsız hissələri dəyişdirilərək yenisi ilə əvəz olunub. Kəmərin 340-cı kilometrində yerləşən Gil-Gilçay çay keçidində suyun yuduğu beton dayağın dibi bərkidilərək, çay yatağının yeri dəyişdirilib. Eyni zamanda, Hacıqabul və Siyəzən magistral qaz kəmərləri sahələri arasındakı ölçü qovşağının yenidən qurulmasına başlanılıb və işin birinci mərhələsi - ən mühüm hissəsi başa çatdırılıb.

Rusiya Federasiyasına nəql edilən qazın keyfiyyət göstəricilərinin artırılması məqsədilə Şirvanovka kompressor stansiyasında genişmiqyaslı yenidənqurma işləri aparılıb, qazın toz tutuculardan keçirilərək nəql olunması təmin edilib. "Altıağac-Ağsu" magistral qaz kəmərinin 19-cu kilometrində yerləşən 1200 mm diametrlik xətdə kran təmir edilib. Diametri 1020 mm olan "Qazıməmməd-Qazax" (2-ci xətt) magistral qaz kəmərinin 23 kilometrlik hissəsi yeni boru ilə əvəz edilib. "Hacıqabul-Qalmaz" kəmərinin (2-ci xətt) Bakı-Supsa neft kəməri ilə kəsişdiyi nöqtədə kəmərin korroziyaya uğramış 140 metrlik hissəsi dəyişdirilib. 1200 mm-lik "Astara-Qazıməmməd" magistral qaz kəmərində də təmir-bərpa işləri aparılıb, kəmərin ümumi uzunluğu 17 kilometr təşkil edən hissələrində boru xətləri dəyişdirilib. Həmçinin, qazın Gürcüstan Respublikasına fasiləsiz nəql edilməsi məqsədilə 1020 mm-lik "Qazax-Saquramo" magistral qaz kəmərinin 480 metrlik hissələrində boru xətlərinin dəyişdirilməsi təmin edilib.

Təmir-bərpa işləri texniki-təhlükəsizlik qaydalarına tam riayət olunmaqla, magistral qaz kəmərlərinin texniki-istismar qaydalarına uyğun həyata keçirilib. Göstərilən bütün işlər magistral qaz kəmərlərinin dayanaqlı və təhlükəsiz istismarının təmin edilməsinə və qaz itkilərinin azaldılmasına yönəlib.

Xəbər lenti

Xəbər lenti